Mirəli Seyidov

Mirəli Mirələkbər oğlu Seyidov – (5 may 1918, İrəvan – 26 aprel 1992, Bakı) - О, İrəvanda ibtidai təhsilini almış, 1938-ci ildə Bakıda S.Ağamalıoğlu adına hidromeliorasiya texnikumunu bitirərək İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə daxil olmuşdur. 1941-ci ildə İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə daxil olaraq 1945-ci ildə universiteti də müvəffəqiyyətlə bitirmiş, 1947-ci ilədək “Sovet Ermənistanı” qəzetində ədəbi işçi, şöbə müdiri, məsul katibin müavini vəzifələrində çalışmışdır. İlk məqalə və oçerklərini də burada nəşr etdirmişdir.

1947–1953-cü illər arasında Mirəli Seyidov Azərbaycan ЕА Nizami adına Ədəbiyyat Muzeyinin Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1953-cü ildə “Sayat Novanın həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Bir il sonra onun “Sayat Nova” kitabı çapdan çıxmışdır.

M.Seyidov Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Orta əsrlər şöbəsində, sonra isə Ədəbi əlaqələr şöbəsində fəaliyyət göstərmişdir. 1963-cü ildə tədqiqatçının “Qövsi Təbrizi” kitabı nəşr olunmuşdur. Uzun illər (1967–1980) Ədəbi əlaqələr şöbəsinə başçılıq etmişdir.

M.Seyidov yaradıcılığının böyük bir qolu ədəbi əlaqələri – Azərbaycan–erməni ədəbi əlaqələrini əhatə edir. О, 1969-cu ildə bu sahə üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. İrəvandakı erməni qaynaqlarından ilk dəfə tədqiqatçı kimi istifadə edən azərbaycanlı alim Mirəli Seyidov olmuşdur. Erməni qaynaqlarına söykənən Mirəli Seyidov göstərirdi ki, bir sıra Azərbaycan dastanları “Aşıq Qərib”, “Şahsənəm”, “Şah İsmayıl və Gülzar”, “Əsli və Kərəm” və s. hələ X–XIV əsrlərdə ermənilər arasında geniş yayılaraq istifadə olunmuşdur.

Mirəli Seyidov 1976-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, 1979-cu ildə professor elmi adına, 1982-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

1983-cü ildə alimin ağır zəhmətinin bəhrəsi olan "Azərbaycan  mifik təfəkkürünün qaynaqları" adlı ilk elmi monoqrafiyası nəşr etdirildi.

1989-cu ildə isə daha geniş elmi dairələrdə böyük hadisə kimi qəbul olunmuş "Azərbaycan xalqının soykökünü düşünərkən" adlı daha sanballı monoqrafiya Mirəli Seyidovu soykökümüzün "qeyrətkeşi" kimi məşhurlaşdırdı.

Əgər Mirəli Seyidovun 30 illik elmi axtarışlarının, gərgin yaradıcılıq əməyinin məhsulu olan "Azərbaycan xalqının soykökünü düşünərkən" adlı irihəcmli monoqrafiyası Azərbaycan mifologiyasının tədqiqində, müəllifin öz yaradıcılığında və ümumilikdə  elmi-ədəbi mühitində bir hadisə kimi qəbul edilibsə, vəfatından sonra nəşr olunan "Qam-şaman və onun qaynaqlarına ümumi baxış" (1994) kitabı müəllif tərəfindən "yaradıcılığının zirvəsi" adlandırılmışdır.

Bakı küçələrindən birinə Mirəli Seyidovun adı verilmiş, yaşadığı evin divarına xatirə lövhəsi vurulmuşdur.