“Muğan” xalçası – Gülüstan Allahverdi qızı Həsənova

Xalça “Muğan” – Gülüstan Allahverdi qızı Həsənova

Qarabağ tipi, Cəbrayıl qrupu, 1949-cu il, Əriş, arğac, xov – yun, 294x147 sm. Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) tarixi Göyçə mahalı, Basarkeçər rayonu, Daşkənd kəndində Gülüstan Allahverdi qızı Həsənova tərəfindən toxunub.

Təqdim olunan xalça "qoşa göl" kompozisiyası əsasında qurulub. Ana göl "Muğan" xalçası üçün xarakterikdir. "Muğan" xalçalarının adı Azərbaycanın cənub-şərqində, Kür və Araz çayları arasında yerləşən böyük ərazinin adı ilə əlaqədardır. Bu xalçaların əsas bəzəyi xalçaçılar arasında "köhnə naxış" adını almış çoxqarmaqlı elementlərdən ibarətdir. Göllərin mərkəzindəki ifadəli boşluqlarda səkkizbucaqlı ulduz elementləri təsvir olunub. Xalçanın ana haşiyəsinin hər iki ətrafında klassik "dolanqac" və ya "meandr" adlanan elementlərdən istifadə edilib. Xalçanın yuxarı hissəsindəki haşiyədə kiril əlifbası ilə "1949 ил яанвар 16" [1949 il yanvar 16 ] və Hicri-qəməri təqvimi ilə 1371/1951 yazılıb.

Mənbə: Qərbi Azərbaycan xalçaları, Bakı-2023