Muxtar Həsən oğlu Avşarov - (15 fevral 1914, İrəvan - 6 dekabr 2004, Bakı) - Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan qüdrətli sənətkarın teatr və kino sənəti aləmində qoyduğu izlər bu gün də onu minlərlə insanın qəlbində yaşadır. Özünəməxsus aktyorluq dəsti-xəttini, yeni tapıntılarını və əvəzolunmaz peşə keyfiyyətlərini özündə təcəssüm etdirən M.Avşarov 90 illik ömrünün 65 ilini peşəkar səhnəyə bağlamış, oynadığı rolların böyük və kiçikliyindən asılı olmayaraq personajın fikrini, düşüncələrini özünəməxsus tərzdə təbii şəkildə ifa etmiş, rolun səciyyəvi xüsusiyyətlərinə uyğun davranış tərzini sənət amalına çevirmişdir.
M.Avşarov 1938-ci ildən çalışdığı Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrındakı uğurlu çıxışlarına görə 1960-cı ildə Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışmış, yüzlərlə tamaşada müxtəlif xarakterli, maraqlı, rəngarəng obrazlar qalereyası yaratmışdır.
"Müfəttiş" əsərində Xlestakov, "Eşq və intiqam" pyesində Çingiz, "Almaz" əsərində Mirzə Səməndər, "Nəsrəddin şah" da Nəsrəddin şah, "Tülkü və üzüm" əsərində Ezop, "Kəllə" dramında doktor Dolbonezo, "Xəyyam"da Xərabati, "Unuda bilmirəm"də Kərəm dayı, "Solğun çiçəklər"də Əbdül, "Pəri cadu"da Niyaz, "Darıxma, ana"da Ruben, "Maqbet"də Kral, "Vaqif"də Şeyx Alı, Qacar, "Od gəlini"ndə Yanardağ, "Ölülər"də Hacı Baxşəli, Şeyx Nəsrullah, "Tənha qadınlar"da Qaz yoxlayan, "Nadir şah"da Cavad xan, "Dəli Domrul"da Baba, "Vətənə igidlər gərəkdir"də Seyid Ağa, "Tomris"də Vəzir kimi kimi diqqətçəkən obrazlar tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Görkəmli aktyor "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Yenilməz batalyon", "Dəli Kür", "Qaçaq Nəbi", "Axırıncı aşırım", "Qatır Məmməd", "Qəm pəncərəsi" və s. kimi 20-dən artıq filmə çəkilib.
M.Avşarovun çəkildiyi "Solğun çiçəklər", "Sarıköynəklə Valehin nağılı", "Diş ağrısı" tamaşaları milli televiziyanın Qızıl Fondunda saxlanılır.
Teatr və kino sənəti sahəsində xidmətlərinə görə Muxtar Avşarov 2002-ci ildə Xalq artisti fəxri adına, 2004-cü ildə "Şöhrət ordeni"nə və Prezident təqaüdünə layiq görülmüşdür.