"Qırxbulaq" xalçası - 1327-ci il (hicri təqvimlə)
Xalça. Yun. Xovlu. 289x172. h. 1327 (1906) İrəvan qrupu. Qərbi Azərbaycan, Qırxbulaq, Ellər.
Xalçanın yuxarı hissəsindəki medalyonun altındakı ara sahədə h. 1327 tarixi vardır. Xalçanın zoğalı yerlikli ara sahəsində üç böyük ölçülü altıbucaqlı göl təsvir edilib. Mərkəzdəki gölün kənarları sürməyi və qırmızı, yuxarı və aşağı hissələrdəki göllərin kənarları isə mavi və qırmızı rənglərlə tərtib edilmiş diliklərlə işlənib. Mərkəzi gölün yuxarı hissəsi yaşıl və sürməyi, aşağı hissəsi isə yaşıl yerliklə tərtib edilib.
Gölün mərkəzindəki göy yerlikli səkkizbucaqlı həndəsi element qırmızı yerlikli, kənarları çıxıntılı medalyonun daxilində yerləşdirilib. Medalyonun çıxıntılarında sağda və solda mavi və göy yerlikli səkkizləçəkli güllər təsvir edilib. Çıxıntılar arasındakı boşluqlar dördləçəkli qırmızı güllərlə bəzədilib. Mərkəzdəki həndəsi elementin daxilində səkkizguşəli ulduz motivləri vardır. Ara sahənin yuxarı və aşağı hissəsindəki göllərdə də eyni formalı elementlər işlənib, lakin bu çıxıntılı motivlər açıq qırmızı rənglərlə, mərkəzdəki səkkizbucaqlı element isə yaşıl yerlik üzərində tərtib edilib. Bu elementlərin daxilində “nal” motivləri yerləşdirilib.
Eyni formalı səkkizbucaqlı elementlər nisbətən kiçik ölçüdə medalyonların sağında və solunda da təkrarlanır. Xalçanın ara sahəsindəki boşluqlar daxilində “nal” və səkkizguşəli ulduzların işləndiyi həndəsi elementlərlə bəzədilib. Ara sahəni mavi rəngli dilikli mədaxil əhatə edir.
Xalçanın qırmızı yerlikli ana haşiyəsində dalğavari naxışlar işlənib. Azərbaycan dekorativ-tətbiqi sənətində naxış motivləri arasında ən ilkin və sadə nümunələrdən biri sınıq və dalğalı xətlərdir. Bu motivlərə təxminən 4–5 min il bundan əvvəl Qazax, Göygöl və Naxçıvan ərazilərindən tapılmış saxsı qabların üzərində də rast gəlinir. Zaman keçdikcə dalğalı xətt əsasında yeni və nisbətən mürəkkəb bəzək motivləri yaranıb. Dalğaların arasındakı boşluqlar güllərlə və hər iki tərəfdən “doğanağ”a bənzər (örkən haçası) motivlərlə bəzədilib.
Ana haşiyəni daxildən göy yerlikli, xaricdən isə mavi yerlikli bala haşiyələr əhatə edir. Bala haşiyələrdə eyni dalğavari elementlər qırmızı rənglərlə tərtib edilib. Dalğavari xətlər arasındakı boşluqlar şəkəri, qırmızı, qəhvəyi, mavi, sürməyi, göy, yaşıl və narıncı rəngli “buta”larla bəzədilib. Haşiyələr hər iki tərəfdən qırmızı və ağ rəngli qırıq-qırıq xətlərlə tamamlanır. Qırıq-qırıq xətlərin kənarları qara rəngli “su”larla işlənib.
Xalçada qırmızı, sürməyi və mavi rənglər üstünlük təşkil edir. Bu rənglərin müxtəlif motivlərdə təkrar-təkrar tətbiq edilməsi nəticəsində xalçada zəngin və baxımlı kompozisiya yaradılıb.
Mənbə: AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu; tərt. V. A. Muradov; elmi red.: Y. M. Mahmudov, A. Şirəliyeva; rəy.: B. Ə. Budaqov, E. V. Əlibəyli.s.248-249- Bakı: Elm, 2011