Rəcəb Paşa məscidi (XVIII əsr)

Rəcəb Paşa məscidi - İrəvanın Osmanlı qoşunları tərəfindən 1724-cü ildə ələ keçirilməsindən sonra Rəcəb Paşanın əmri ilə şəhərin abadlaşdırılması üçün işlər görülməyə başlanmış, 1725-ci ildə İrəvan qalasının içərisində onun adına məscid inşa edilmişdir. Sferik günbəzə malik olan bu məscid müxtəlif şərq ornamentləri ilə bəzədilmişdi.
İrəvanın 1827-ci ildə rus qoşunları tərəfindən işğalından sonra məscid müxtəlif dəyişikliklərə məruz qalmış və rus pravoslav kilsəsinə çevrilmişdir. Onun fasadına silindr formasında sütunlar yerləşdirilmiş, dam örtüyü əlavə edilmiş və məscidin üzərindəki ay-ulduz simvolu xaç və kilsə zəngi ilə əvəz edilmişdir.
Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və İrəvan qalasında yerləşən Rəcəb Paşa məscidinin rus-yunan kilsəsinə çevrildiyini təsdiqləmişdir. Kilsəyə çevrilmiş bu abidə 1930-cu illərdə tamamilə dağıdılmışdır.