Rəşid bəy Əsəd bəy oğlu İsmayılov – (1877, İrəvan - 1942, Arxangelsk vilayətinin Solovetski islah əmək düşərgəsi) - Ailəsi sonradan Nuxa (Şəki) şəhərinə köçüb. Uzun müddət Tiflisdə yaşayıb. İrəvan Müəllimlər Seminariyasını 1905-ci ildə bitirmişdir. O, 1903-cü ildə “Şərqi-rus” qəzetində fəaliyyətə başlamışdır. Bununla yanaşı, Qafqazda və Rusiyanın mərkəzində çap olunan rusdilli mətbuatda (“Sankt-Peterburqskiye vedomosti” və s.) məqalələr dərc etdirmişdir. Rəşid bəy İsmayılov bir il “Tiflisskiy listok” qəzetində çalışmışdır. Dövrün görkəmli şəxsiyyətləri Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev (Ağaoğlu), Əlimərdan bəy Topçubaşov və başqaları ilə sıx əlaqələri olmuş, onlarla birlikdə fəaliyyət göstərmişdir. “Şərqi-rus” qəzetinin nəşri dayandırıldıqdan sonra “Novoye obozreniye” və “Tifliskiy listok” qəzetlərində çalışıb. “Novoye obozreniye” qəzetinin “Müsəlman həyatı” və “Yaxın Şərq” şöbələrinə rəhbərlik etmişdir. Rəşid bəy İsmayılov “Təzə zaman” adlı qəzet nəşr etdirmək üçün Qafqaz canişininə ərizə ilə müraciət etsə də, onun panislamist olmasını bəhanə gətirərək qəzetin nəşrinə icazə verilməmişdir.
Onun “Müxtəsər Qafqaz tarixi və Zaqafqasiyada zühur edən məşhur türk ədib və şairlərinin müxtəsərən tərcümeyi-halları” kitabı 1904-cü ildə Tiflisdə “Şərqi-rus” mətbəəsində Azərbaycan türkcəsində çap olunmuşdur. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapmışdır. Rəşid bəy İsmayılov Zurab Antonovun “Koroğlu” pyesini gürcü dilindən azərbaycancaya çevirmiş və həmin əsər Tiflis teatrında tamaşaya qoyulmuşdur.
1908-1912-ci illərdə İranda Rusiya Maliyyə Nazirliyinin nümayəndəsinin katibi olmuşdur.
Rəşid bəy İsmayılov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurasında məsul vəzifədə çalışmışdır. 1919-cu il yanvarın 15-də Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlıların fövqəladə iclası keçirilmiş və İrəvan quberniyası müsəlmanlarının Həmyerlilər Cəmiyyəti təsis edilmişdir. Rəşid bəy İsmayılov bu cəmiyyətin məsul katibi kimi səmərəli fəaliyyət göstərmişdir.
1906-1916-cı illərdə Tehranda rus progimnaziyasının direktoru və Rus bankının mühasibinin köməkçisi vəzifələrində çalışıb. 1917-1926-cı illərdə Bakıda ictimai-siyasi, pedaqoji və jurnaslistik fəaliyyəti ilə məşğul olub.
Rəşid bəy İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıdakı 18 nömrəli məktəbdə tarix müəllimi işləmişdir.
Azərbaycan tarixinin elmi mənbələr əsasında araşdırılması sahəsində A.A.Bakıxanovdan sonra ikinci təşəbbüsü Rəşid bəy İsmayılov göstərmişdir. Onun Azərbaycanın tarixinin qədim dövrlərdən başlayaraq 1920-ci ilin aprelində sovet hakimiyyətinin qurulmasınadək olan dövrünü işıqlandıran “Azərbaycan tarixi” adlı kitabı 1923-cü ildə Bakıda çap olunmuşdur. Əsərdə “Mavərayi-Qafqazın elani-istiqlalı” bölməsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyətə, “Azərbaycan Cümhuriyyəti” bölməsi isə bilavasitə onun qurulmasına və fəaliyyətinə həsr edilmişdir. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapmışdır.
1928-1930-cu illərdə Tiflisdəki Kənd Təsərrüfatı bankında inspektor işləmişdir. 1934-cü ildə “zərərli şəxs” kimi həbs edilib, lakin 6 aylıq məhkumluq həyatından sonra azad edilib. 1935-1937-ci illərdə Xəzər Dəniz Gəmiçiliyində müxtəlif vəzifələrdə işləmişdir. 1937-ci ildə Bakı şəhərində Voroşilov rayonunda 1 saylı məktəbdə rus dili müəllimi işləyib. 1938-ci ildə represiyaya məruz qalaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.
“Avropa rəsmi-adəti” (Tiflis, 1903), “Müxtəsər Qafqaz tarixi və Zaqafqaziyada zühur edən məşhur türk ədib və şairlərin müxtəsər-tərcümeyi halları” (Tiflis, 1904), “Qafqazın qısa tarixi və Azərbaycan tatarlarının ədəbiyyatı” (Tiflis, 1916), Azərbaycan tarixi” (Bakı, 1923) kitablarının və onlarla elmi-publisistik məqalənin müəllifidir.
Rəşid bəy İsmayılovun “Azərbaycan tarixi” əsəri 1993-cü ildə “Azərnəşr” tərəfindən kiril əlifbası ilə yenidən çap edilmişdir.
Rəşid bəyin böyük qardaşı Kərim bəy İsmayılov 1892-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, “Molla Nəsrəddin” jurnalının əməkdaşı olmuşdur.