Rza Xəlil oğlu Vəlibəyov - ( 1903, Eçmiədzin qəzası, Əkərək – 1974, İrəvan ) - Bu kəndin sakinləri 1918-ci ildə erməni daşnakları ilə vuruşmuş, dağlarda yaşamağa məcbur olmuş, ancaq öz doğma yerlərini bir an tərk etməmişlər.
1920-ci ildən sonra ictimai ab-hava dəyişməyə başlamışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra R.Vəlibəyov qısamüddətli siyasi kurslarda təhsil almışdır. 1922-ci ildə Ermənistan LKGİ Komitəsində, sonra isə Ermənistan KP İrəvan Şəhər Komitəsində təlimatçı vəzifələrində çalışmışdır.
Çox erkən yaşlarında Rza Vəlibəyova məsul vəzifələr etibar edilmişdir. 1922-ci ilin sonlarında, artıq 19 yaşında о, Vedi Rayon Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmişdir. 1924-cü ildə о, Zaqafqaziya Kommunist Universitetində təhsil almağa göndərilmiş və 1928-ci ildə həmin Universiteti bitirmişdir.
Zaman ötdükcə R.Vəlibəyova daha mühüm vəzifələr tapşırılmışdır. О, Ermənistan KP Basarkeçər Rayon Komitəsinin birinci katibi, Ermənistan KP Mərkəzi Komitəsinin orqanı olan “Qızıl Şəfəq” qəzetinin redaktoru işləmişdir.
R.Vəlibəyov otuzuncu illərdə Ermənistan Proletar Yazıçıları Cəmiyyətinin Türk (azərbaycanlı) bölməsinə sədrlik etmişdir.
R.Vəlibəyov təhsilini artırmaq üçün yenidən oxumağa göndərilmiş, 1931–1933-cü illərdə Moskvadakı Qırmızı Professorlar İqtisadiyyat İnstitutunda oxumuş və oranı bitirdikdən sonra Vedi Maşın-Traktor Stansiyasında siyasi şöbənin rəisi vəzifəsində, sonra Vedi Rayon Partiya Komitəsinin birinci katibi, 1937-ci ildən isə Ermənistan SSR Xalq Komissarları Soveti sədrinin müavini vəzifələrində çalışmışdır.
1939–1941-ci illərdə Moskvadakı Sənaye Akademiyasının Plan İqtisadiyyat İnstitutunun dinləyicisi olmuşdur. Həmin İnstitutu qurtardıqdan sonra R.Vəlibəyov keçmiş SSRİ Dövlət Bankının Ermənistan Kontorunun müdir müavini, sonra müdiri işləmişdir.
1944-cü ildən 1947-ci ilədək о, Türkiyədə SSRİ ticarət nümayəndəsinin müavini vəzifəsini yerinə yetirmişdir.
R.Vəlibəyov Ermənistana qayıtdıqdan sonra mətbuat və xalq maarifi sahəsində fəal və səmərəli işləmiş, “Sovet Ermənistanı” qəzetinin redaktoru olmuşdur.
Böyük həyat yolu keçən, həmişə yüksək vəzifələrdə çalışan bu fədakar insan öz böyük qabiliyyəti, əməksevərliyi və zəhmətkeşliyi ilə harada işləmişsə, özünü doğrultmuşdur.
R.Vəlibəyov 1949–1962-ci illərdə Ermənistan SSR maarif nazirinin müavini, 1962-ci ildən ömrünün sonunadək Ermənistan SSR Nazirlər Sovetində məsləhətçi vəzifəsində çalışmışdır.
R.Vəlibəyovun bütün fəaliyyəti doğulduğu torpaqla bağlı olmuşdur. О, dəfələrlə Ermənistan KP MK-nın üzvü seçilmiş və dördüncü çağırış Ermənistan SSR Ali Sovetinin deputatı olmuşdur. Qərbi azərbaycanlılar arasında SSRİ Ali Sovetinə ilk deputat seçilənlərdən biri R.Vəlibəyov idi.
R.Vəlibəyov bir çox orden və medallarla, о cümlədən iki “Qırmızı əmək bayrağı” ordeni, “Şərəf nişanı” ordeni, Ermənistan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur.
Hərtərəfli zəngin biliyə, yüksək savada malik olan R.Vəlibəyov 1960–1974-cü illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunda müəllim işləmiş, siyasi iqtisadiyyat fənnindən dərs demişdir. Tanınmış dövlət və maarif xadimi, jurnalist, pedaqoq R.Vəlibəyov həm də bədii yaradıcılıqla məşğul olmuşdur. О, “Keçmiş günlərdən” kitabının müəllifidir. Burada о, vaxtilə onunla çiyin-çiyinə çalışmış mübariz, mərd insanlardan söhbət açmışdır.
R.Vəlibəyov İrəvan şəhərində Fəxri panteonda dəfn olunmuş yeganə azərbaycanlıdır.