Sərdar məscidi (XVI əsr)

Sərdar məscidi - Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar məscidi”, yaxud “Abbas Mirzə məscidinin” adları çəkilir. Təhlillər göstərir ki, ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, əslində söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni, bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandırılmışdır. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzənin şərəfinə yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Lakin İrəvanda azərbaycanlılara məxsus digər maddi-mədəniyyət abidələri kimi, Abbas Mirzə məscidi də erməni vandalları tərəfindən tədricən hissə-hissə dağıdılmışdır. 1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağıntılara məruz qalmışdır. XX əsrin əvvəllərində Sərdar məscidində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülmüşdür. Son vaxtlaradək Sərdar məscidinin 2-3 metr hündürlüyündə bir divarının qalığı qalmışdı. Ermənistan hökuməti məscidin qalığının şəkildə görünən hissəsini “qorunan tarixi abidələr” siyahısında 2007-ci ildə Avropa Şurasına təqdim etmişdir. Lakin erməni vandalları Sərdar məscidinin “qorunan” divar qalığını da 2014-cü ilin noyabr ayının ortalarında yer üzündən silmişdir.