"Şörəyel" xalçası  - 1322-ci il (hicri təqvimlə)

"Şörəyel" xalçası  - 1322-ci il (hicri təqvimlə)

Xalça. Yun. Xovlu. 210x157. h. 1322 (1901) İrəvan qrupu. Qərbi Azərbaycan, Şörəyel

Xalçanın ara sahəsinin aşağı hissəsinin sağ küncündə h. 1322 tarixi qeyd edilib. Tünd qırmızı yerlikli bu xalçanın ara sahəsində baş və ayaq hissələrində iki böyük ölçülü göy yerlikli və bir nisbətən kiçik ölçülü səkkizbucaqlı medalyon təsvir edilib. Mərkəzdəki medalyonun içərisində bal rəngli yerlik üzərində sürməyi rəngli “qoşabuynuz” motivləri ilə işlənmiş element yerləşdirilib. Bu elementin kənarları cüzi nəzərə çarpan, kiçik ölçülü “Z” şəkilli elementlərlə əhatə olunub. Medalyonun daxilindəki boşluqlar səkkizguşəli ulduz, dördləçəkli çiçək və gözqaytarıcı elementlərlə işlənib. Göy yerlikli medalyonlarda da “qoşabuynuz”, gül-çiçək və digər klassik elementlər təsvir edilib.

Xalçanın ara sahəsindəki boşluqlar qarmaqlı, rombvari, gözqaytarıcı, nəbati, “daraq” adlandırılan və digər motivlərlə bəzədilmişdir. Sürməyi yerlikli rombvari elementlərin daxilində qırmızı və bal rəngli dörd “nal”şəkilli element yerləşdirilib. Sürməyi yerlikli enli haşiyə göy, qırmızı, şəkəri, bal rəngi, açıq qəhvəyi və sürməyi rəngli, kiçik ölçülü kvadrat formalı elementlərlə tərtib edillib. Haşiyəni hər iki tərəfdən şəkəri və qırmızı rəngli diliklərlə işlənmiş mədaxillər əhatə edir. Mədaxillərin kənarları qırmızı və bal rəngli “sıçandişi”lərlə tamamlanır.

Xalçanın ara sahəsindəki medalyonların sağ və solunda sürməyi və şəkəri yerlikdə kərpici, ağ yerlikdə isə sürməyi rənglərlə işlənmiş “cütbuynuz” motivləri yerləşdirilib. Xalçada zəngin rəng çalarlarının ənənəvi qanunauyğunluqla uzlaşması yüksək peşəkarlıqla həll edilib.

Mənbə: AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu; tərt. V. A. Muradov; elmi red.: Y. M. Mahmudov, A. Şirəliyeva; rəy.: B. Ə. Budaqov, E. V. Əlibəyli. — Bakı: Elm, 2011. —  s 242-243.