Xalça "Əştərək" - 1331-ci il (hicri təqvimlə)

Əştərək xalçası - 1331-ci il (hicri təqvimlə) 

Xalça. Yun. Xovlu. 225x131. h. 1331 (1910). İrəvan qrupu. Qərbi Azərbaycan, Əştərək/

Xalçanın ara sahəsində yaşıl yerlikli qubbanın içərisində h. 1331 tarixi verilib. Kərpiciyə çalan qırmızı yerlikli bu xalçanın ara sahəsində böyük ölçülü, sürməyi yerlikli göl yerləşdirilib. Gölün mərkəzində böyük ölçülü medalyon təsvir edilib və medalyonun kənarları yuxarı və aşağı hissələrdə diliklərlə işlənib. Kərpiciyə çalan qırmızı yerlikli bu medalyonun daxilində kənarları çıxıntılı motivlər yerləşdirilib. Bu motivlərin mərkəzində ağ yerlikdə qarmaqlı elementlər təsvir edilib. Çıxıntılar açıq yaşıl, ağ və sürməyi rənglərlə təkrarlanıb.

Medalyonun sağ və sol hissələrində sürməyi və ağ rənglərlə işlənmiş elementlər vardır. Bu tipli elementlər gölün boşluqlarında da narıncı, yaşıl, qırmızı və tünd qəhvəyi rənglərlə işlənib. Medalyonun yuxarı və aşağı hissələrində, həmçinin mərkəzində və sağ-sol tərəflərindəki boşluqlarda rombvari elementlər təsvir edilib. Yuxarı və aşağı hissələrdə bu elementlər ağ və yaşıl, mərkəzdə sürməyi və narıncı, sağ və sol tərəflərdə isə ağ, açıq qəhvəyi və narıncı rənglərlə işlənib.

Sürməyi yerlikli gölün yuxarı və aşağı hissəsində yaşıl yerlikli qubbalarda da kənarları çıxıntılı motivlər təkrarlanıb, lakin bu motivlər kərpiciyə çalan qırmızı və sürməyi rənglərlə işlənib. Motivlərin mərkəzində narıncı rəngli qarmaqlı elementlər yerləşdirilib. Çıxıntılarda narıncı və sürməyi rəngli kvadratşəkilli, eləcə də digər ornamentlər təsvir edilib. Qubbaların kənarları kərpiciyə çalan qırmızı rəngli “su”larla, sağ və sol tərəflərdə isə pillələrlə tərtib edilib.

Gölün kənarları daxildən narıncı, xaricdən isə yaşıl rəngli qarmaqlarla əhatə olunub. Ara sahənin künclərində də mərkəzdəki ornamentlərlə eyni tipli elementlər sürməyi, narıncı, yaşıl və qəhvəyi rənglərlə tərtib edilib.

Xalçanın açıq qəhvəyi yerlikli enli haşiyəsi ağ, yaşıl, sürməyi və kərpiciyə çalan qırmızı rənglərlə işlənib, kənarları isə pilləli klassik elementlər və digər klassik elementlərlə bəzədilib. Haşiyə hər iki tərəfdən daxilində rombvari ornamentlər işlənmiş sürməyi yerlikli ensiz haşiyələrlə əhatə olunub.

Xarici haşiyənin kənarları kiçik ölçülü ağ rəngli dördləçəkli çiçəklər və narıncı, yaşıl, açıq qəhvəyi, kərpiciyə çalan qırmızı, sürməyi və mavi rəngli kvadratşəkilli elementlərlə bəzədilmiş mədaxillərlə əhatə olunub. Daxili haşiyə hər iki tərəfdən ağ və kərpiciyə çalan qırmızı rəngli “siçandişi”lərlə tamamlanıb.

Mənbə: AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu; tərt. V. A. Muradov; elmi red.: Y. M. Mahmudov, A. Şirəliyeva; rəy.: B. Ə. Budaqov, E. V. Əlibəyli.- Bakı: Elm, 2011.s.252-253.