Zərifə İsmayıl qızı Budaqova – ( 28 aprel 1929, İrəvan şəhəri, Dəmirbulaq məhəlləsi – 10 noyabr 1989, Bakı) - Doğma İrəvan şəhərində orta məktəbin yeddinci sinfini bitirdikdən sonra 1942-ci ildə İrəvan Pedaqoji Məktəbinə daxil olmuşdur. 1946-cı ildə məktəbi başa vurduqdan sonra həmin il İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin Filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1947-ci ilin dekabr ayında Ermənistanda yaşayan azərbaycanlıların deportasiya edilməsi ilə əlaqədar olaraq həmin fakültə 1948-ci ildə İrəvandan Bakıya – Azərbaycan Pedaqoji İnstitutuna köçürülmüşdür. 1949-cu ildə Zərifə Budaqova həmin institutun Filologiya fakültəsini bitirdikdən sonra Azərbaycan SSR ЕА Dilçilik İnstitutunun aspiranturasına daxil olmuşdur.
Zərifə xanım 1953-cü ildə Moskvada "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib Azərbaycan qadın dilçiləri arasında ilk dəfə filologiya elmləri namizədi elmi adını almışdır. 24 yaşlı Azərbaycanlı qızı alim kimi Bakıya qayıdaraq elmi fəaliyyətini davam etdirmişdir.
Z.Budaqova 1955-ci ilin oktyabr ayından Azərbaycan Elmlər Akademiyasının Müasir Azərbaycan dilçiliyi şöbəsinə rəhbərlik etməyə başlamış və 35 il – ömrünün sonuna qədər (1989) bu şöbənin müdiri olmuşdur.
1963-cü ildə – namizədlik dissertasiyasından 10 il sonra Z.Budaqova “Müasir Azərbaycan ədəbi dilində sadə cümlə” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Ancaq dissertasiya SSRİ Ali Attestasiya Komissiyasına daxil olandan sonra onun təsdiq edilməsi düz iki il çəkmişdir.
Z.Budaqova 1963-cü ildə professor adına layiq görülmüşdür. O hələ 1960–1961-ci illərdə nəşr edilmiş ikicildlik sanballı “Azərbaycan dilinin qrammatikası” kitablarının redaktorlarından biri olmuşdu. “Azərbaycan bədii dilinin üslubiyyatı” (1970), “Müasir Azərbaycan dilində sadə cümlələr” (1964), “Azərbaycan dilində durğu işarələri” (1977) əsərləri də Zərifə xanımın qələmindən çıxmışdı.
1980-ci ildə Z.Budaqova Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Zərifə xanım həmişə vəzifələrdə olmuşdur. О, uzun illər şöbəyə başçılıq etmiş, Dilçilik İnstitutunun direktor müavini, nəhayət, 1987-ci ildə institutun direktoru seçilmiş və ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır.
Z.Budaqova görkəmli alim Budaq Budaqovun həyat yoldaşı olmuşdur.