Xəbərlər

2 minə yaxın Qərbi azərbaycanlının məskunlaşdığı Xızı rayon Yeni Yaşma qəsəbəsində TƏBİB və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə qəsəbədə sakinləri üçün tibbi müayinə təşkil olunub
26 oktyabr 2024, 16:30

Oktyabrın 26-da 2 minə yaxın Qərbi azərbaycanlının məskunlaşdığı Xızı rayon Yeni Yaşma qəsəbəsində TƏBİB və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə qəsəbədə sakinləri üçün tibbi müayinə təşkil olunub. Məlum olduğu kimi, 1987-1991-ci illərdə Qərbi Azərbaycandan doğma yurdlarını tərk etmək məcburiyyətində qalan minlərlə soydaşımızın bir qismi Abşeron rayonunun Yeni Yaşma qəsəbəsində məskunlaşıb. TƏBİB-in tabeçiliyində olan və müxtəlif profilli həkimlərdən ibarət tibb briqadaları və Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının fəal həkim üzvləri Yeni Yaşmada məskunlaşmış qaçqınlar üçün səyyar tibbi müayinə həyata keçiriblər.

Səhər tezdən başlayaraq günün sonunadək Yeni Yaşmada TƏBİB tərəfindən təşkil olunmuş müayinə məntəqəsinə yığışan müxtəlif yaş qruplarından olan sakinlər tibbi müayinədən keçiblər.

TƏBİB və Qərbi Azərbaycan İcması və birgə təşəbbüsü ilə həyata keçirilən layihəyə İcmanın Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı və TƏBİB-in Ana və Uşaq Sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova rəhbərlik edib. Millət vəkili belə bir humanist layihənin həyata keçirməsini ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin, eləcə də Birinci vitse-prezident möhtərəm Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının mühafizəsi sahəsində görülən işlərin məntiqi davamı kimi qiymətləndirib.

Aksiya çərçivəsində terapevt, mama-ginekoloqlar, kardioloqlar, nevropatoloqlar, pediatrlar, oftalmoloq, cərrah, həkim-funksional diaqnostlardan ibarət tibbi heyət tərəfindən əhaliyə tibbi baxış keçirilib. Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə müvafiq tövsiyə və məsləhətlər verilib. Bütün tibbi xidmətlər İcbari Tibbi sığorta çərçivəsində həyata keçirilib. Müayinələrdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova və TƏBİB nümayəndələri, eyni zamanda Universal hospitalın oftalmoloqlardan ibarət tibb heyəti də fəal iştirak ediblər.

Qəsəbə sakinləri müayinələrdən məmnun qaldıqlarını və bu cür təşəbbüslərin davamlı olmasını arzuladıqlarını bildiriblər. Uşaqlarının sağlamlığını yoxladan valideynlər, həkimlərin qayğısından məmnun qaldıqlarını ifadə ediblər. Bəzi sakinlər fürsətdən istifadə edib, Qərbi Azərbaycana qayıdışı böyük inam və ümidlə gözlədiklərini bildiriblər.

Müayinələrdən sonra isə tədbir təşkilatçıları olan Qərbi Azərbaycan İcması və TƏBİB nümayəndələri birlikdə Yeni Yaşma qəsəbəsində yaşayan şəhid ailələrinə baş çəkiblər. Azərbaycanın müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş əzizlərinin xatirəsini daim yaşadan ailələrə diqqət və qayğı göstərmək, onların cəmiyyətin unudulmaz bir parçası olduğunu vurğulamaq tədbirin əsas məqsədlərindən biri idi. Ziyarətlər zamanı şəhid ailələrinə müxtəlif sovqatlar təqdim olunub.

Qərbi Azərbaycan İcması və TƏBİB-in təşkil etdiyi bu tibbi müayinə aksiyası yalnız bir sağlamlıq tədbiri deyil, həm də bir həmrəylik nümunəsi olmaqla yanaşı həm də, qəsəbədə yaşayan hər bir sakin üçün dəstəyi və bağlılığı simvolizə etmiş olub.