Xəbərlər

31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Susmayan həqiqətlər” mövzusunda sərginin açılış mərasimi keçirilib
02 mart 2026, 16:13

Ombudsman Aparatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Susmayan həqiqətlər” mövzusunda sərginin açılış mərasimi keçirildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü və Qərbi Azərbaycan İcmasının iştirakı ilə Ombudsman Aparatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Susmayan həqiqətlər” mövzusunda sərginin açılış mərasimi keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, “Susmayan həqiqətlər” sərgisi xalqımızın tarixində ən faciəli səhifələrdən biri olan azərbaycanlılara qarşı törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə dair tarixi faktların ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Ombudsman qeyd edib ki, sərgi qurbanların əziz xatirəsinin ehtiramla yad edilməsi və bu həqiqətlərin gələcək nəsillərə ötürülməsi istiqamətində vacib platformadır.

Səbinə Əliyeva bu hadisələrin sülh və insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri – soyqırımı cinayəti kimi qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıb, belə faktların beynəlxalq müstəvidə hüquqi qiymət almasının vacibliyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ermənistan tərəfindən azərbaycanlılara qarşı uzun illər ərzində sistemli şəkildə həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətindən bəhs edib. O bildirib ki, xüsusilə indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycandan yüz minlərlə soydaşımız müxtəlif dövrlərdə zorla çıxarılıb, onların fundamental hüquqları kobud şəkildə pozulub, tarixi-mədəni irs məhv edilib və ata-baba yurdlarına qayıtmaq hüquqları əlindən alınıb.

Əziz Ələkbərli Ombudsmanın Qərbi Azərbaycan məsələsinə həssas və prinsipial yanaşmasını yüksək qiymətləndirərək, icma üzvləri adından Səbinə Əliyevaya və Ombudsman Aparatının kollektivinə təşəkkürünü bildirib, bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dosenti Nazim Mustafa və Ombudsman Aparatının əməkdaşı Polad Cəfərzadə çıxış edərək 1905–1906, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə baş vermiş deportasiya prosesləri nəticəsində azərbaycanlıların fundamental insan hüquqlarının kobud şəkildə pozulduğunu bildiriblər. Qeyd olunub ki, bu proseslər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda uzunmüddətli humanitar və sosial fəsadlara səbəb olub. Çıxışçılar Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının, deportasiya faktlarının hüquqi-siyasi müstəvidə tanıdılmasının və tarixi ədalətin bərpası istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində şair-publisist, Ombudsman Aparatının əməkdaşı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü Azadə Novruzova “Zəfər aşiqləri: Qarakilsə şəhidləri” adlı ensiklopedik toplunu təqdim edib. Müəllif bildirib ki, Böyük Zəfərin 5-ci ildönümünə həsr olunmuş nəşr ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinə ithaf edilib. Topluda Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun bir sıra kəndlərindən olan şəhid və itkin düşmüş döyüşçülərin bioqrafik məlumatları, fotoları, həmçinin müəllifin “Şəhidim: ovunmayan həsrət” adlı məqaləsi yer alıb. Kitabın ön sözündə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva qeyd edir ki, ötən əsrin əvvəllərində erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş amansız soyqırımı hadisələri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu cinayətlərə siyasi-hüquqi qiymətin verilməsi məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub.

O vurğulayır ki, həmin dövrdən etibarən Ermənistandan qaçqın düşmüş azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı, onların pozulmuş hüquqlarının bərpası və müdafiəsi istiqamətində zəruri siyasi-hüquqi şərait formalaşıb. Bu kontekstdə qaçqınlıq həyatı yaşamağa məcbur olmuş azərbaycanlıların və onların varislərinin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququnun təmin edilməsi, habelə vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya almalarının beynəlxalq sənədlərdə təsbit edilmiş fundamental insan hüquqları olduğu xüsusi olaraq qeyd edilir.

Sonda iştirakçılar sərgi ilə tanış olublar. Ekspozisiyada azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasətinin miqyasını və ağır nəticələrini əks etdirən arxiv sənədləri, fotoşəkillər və digər materiallar nümayiş etdirilib.

Qeyd edilib ki, azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərin Ombudsman tərəfindən sənədləşdirilməsi, beynəlxalq təşkilatlara müvafiq hesabat və müraciətlərin təqdim olunması istiqamətində fəaliyyət ardıcıl şəkildə davam etdirilir. “Susmayan həqiqətlər” sərgisi də bu fəaliyyətin tərkib hissəsi olaraq tarixi ədalətin bərpasına və insan hüquqlarının müdafiəsinə töhfə verməyi hədəfləyir. Sərgi martın 31-dək ziyarətçilər üçün açıq olacaq.