Xəbərlər

35 il — Nüvədi həsrəti, Nüvədi yaddaşı, Nüvədi harayı...
08 avqust 2026, 22:13

1991-ci il avqustun 8-i Azərbaycanın Qərbi Zəngəzur tarixinin ən ağrılı səhifələrindən biridir. Həmin gün Ermənistan ərazisində azərbaycanlıların yaşadığı sonuncu kənd – Nüvədi də boşaldıldı. Bununla Zəngəzurda azərbaycanlıların kompakt yaşayışına son qoyuldu.

Nüvədi sadəcə bir kənd deyildi. O, əsrlər boyu Azərbaycan türklərinin yaşadığı, öz adət-ənənəsini, dilini, yaddaşını qoruduğu qədim yurd yerlərindən biri idi. Mənbələrdə kəndin adı hələ 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Nüyədə formasında qeyd olunur. 1979-cu ildə Nüvədidə 1700 nəfər yaşayırdı. Deportasiya ərəfəsində isə kəndin əhalisi 1753 nəfərdən ibarət idi və onların hamısı azərbaycanlı idi.

1988-ci ildən başlayan deportasiya dalğasında Nüvədi sakinləri üç il boyunca doğma kəndlərini tərk etməmək üçün müqavimət göstərdilər. Onlar təzyiqlərə, hücumlara və blokadaya baxmayaraq yurdlarını qorumağa çalışdılar. Lakin 1991-ci il avqustun 8-də Nüvədi də boşaldıldı. Beləliklə, Qərbi Zəngəzurun sonuncu azərbaycanlı kəndinin də qapıları azərbaycanlıların üzünə bağlandı.Bu ağır günlərdə Nüvədililərin taleyi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin də diqqətində idi. Nüvədi sakinlərinin xatirələrinə və sonrakı araşdırmalara görə, Heydər Əliyev onların Zəngilan ərazisində məskunlaşmasına, ərzaq və maddi yardımla təmin olunmasına, təhlükəsizliyinin qorunmasına xüsusi diqqət göstərib. Nüvədililərin göstərdiyi müqaviməti yüksək qiymətləndirən Ulu Öndər sonralar onların xarakterini belə ifadə etmişdi: “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır”.

Nüvədililər doğma torpaqlarına qayıtmaq ümidi ilə əvvəlcə Zəngilanın Vejnəli kəndində məskunlaşdılar. Lakin 1993-cü ildə Zəngilanın işğalı onların Nüvədiyə yaxınlaşmaq ümidlərini də yarımçıq qoydu.

Bu gün həmin hadisədən 35 il keçir.

35 il əvvəl Nüvədi sakinlərinin əllərindən yalnız evləri alınmadı. Onların həyətləri, məktəbləri, məscidləri, qəbiristanlıqları, uşaqlıq xatirələri, ata-baba ocaqları və bütövlükdə bir yurdun canlı yaddaşı zorla geridə qoyuldu.

Nüvədi bu gün də minlərlə insanın yaddaşında yaşayır. Nüvədililərin xatirələri, sənədləri, fotoşəkilləri, toponimləri və nəsildən-nəslə ötürülən hekayələri həmin torpağın Azərbaycan yaddaşının silinməz parçalarıdır.

Bu gün Nüvədi haqqında danışmaq - bu tarixi həqiqəti yaşatmaq, deportasiya olunmuş insanların hüquqlarını müdafiə etmək və gələcək nəsillərə “biz haradan gəlmişik?” sualının cavabını verməkdir.

Qərbi Azərbaycan İcması olaraq Nüvədinin və bütövlükdə Qərbi Azərbaycanın tarixinin, mədəni irsinin və milli yaddaşının qorunmasını, bu torpaqlardan zorla deportasiya edilmiş soydaşlarımızın hüquqlarının müdafiəsini fəaliyyətimizin mühüm istiqamətlərindən biri hesab edirik. Bu gün Nüvədinin adını və həqiqətlərini yaşatmaqla kifayətlənmir, doğma yurdlarımızdan deportasiya olunmuş bütün soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qayıdış hüququnun təmin olunması üçün mübarizəmizi davam etdiririk.

Nüvədi – bizim yaddaşımız, bizim tariximiz, bizim Qərbi Azərbaycanımızdır.