18 iyul 2025, 17:33
18.07.2025-ci il tarixində Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Paşalı rayon icmasının sədri Faiq Xudayev, Keşişkənd icmasının sədr müavini Məhəmməd Rəsuloğlu, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, məktəb direktorları, şəhid ailələri, qazilər, rayon ziyalıları, rayon ağsaqqalları və bir qrup Qərbi Azərbaycan doğumlu sakinlər iştirak etdilər.
İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.
Tədbir Ümumilli lider Heydər Əliyevin və ermənilər tərəfindən qətlə yetirilən Qərbi Azərbaycan əsilli soydaşlarımızın, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov “Qərbi Azərbaycan İrsi” kitabının I cildindən bəhs edərək ətraflı məlumat verdi.
Natiqlər Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən yalnız etnik təmizləmə siyasəti həyata keçirilmədiyini, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irs nümunələrinin, qəbiristanlıqların, məscidlərin, pirlərin, ziyarətgahların, türbələrin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədildiyindən geniş söhbət açdılar.
Çıxış edənlər həmçinin müasir elmi yanaşmalar və yeni fundamental araşdırmalar əsasında çap olunmuş “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin nəşr olunmasının əhəmiyyətindən söhbət açaraq, kitabda qeyd olunan təkzibedilməz faktların tarixi əhəmiyyətli elmi tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəd olmasını vurğuladılar.
Sonda “Qərbi Azərbaycan İrsi” ilə bağlı hazırlanmış videoçarx nümayiş olundu.
Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.







