Konfranslar

ADPU-da akademik Hüseyn Əhmədovun 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
22 sentyabr 2026, 15:59

22 sentyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində akademik Hüseyn Mustafa oğlu Əhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanın təhsil və pedaqoji fikir tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qərbi Azərbaycan İcması, Təhsil Şurası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov açaraq akademik Hüseyn Əhmədovun həyat və yaradıcılığından, Azərbaycan pedaqoji elminin inkişafında xidmətlərindən danışıb. Rektor qeyd edib ki, akademikin əmək və elmi fəaliyyətinin mühüm mərhələsi ADPU ilə bağlı olub. Onun universitetdə uzunmüddətli fəaliyyəti, pedaqoji elmin müxtəlif istiqamətlərinin inkişafına verdiyi töhfələr və yetişdirdiyi alimlərdən ibarət elmi məktəb xüsusi əhəmiyyət daşıyır.

Daha sonra söz Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərliyə verilib.

Əziz Ələkbərli çıxışında Qərbi Azərbaycanın əsrlər boyu Azərbaycanın mühüm elm, maarif və pedaqoji fikir mərkəzlərindən biri olduğunu bildirib. Qeyd edib ki, bölgədə formalaşmış ziyalı nəsli milli təhsil ənənələrinin inkişafında, elmi-pedaqoji fikrin zənginləşməsində və yeni nəsil müəllim kadrlarının hazırlanmasında mühüm rol oynayıb. İrəvanda dini və dünyəvi təhsil müəssisələrinin yaradılması və fəaliyyətində azərbaycanlı ziyalıların xüsusi xidmətlərini diqqətə çatdıran İcma sədri Qərbi Azərbaycandan deportasiya olunaraq Azərbaycana gələn alim və ziyalıların ölkənin elm və təhsilinin inkişafına verdikləri töhfələrdən də danışıb.

Əziz Ələkbərli akademik Hüseyn Əhmədovun Qərbi Azərbaycanın zəngin elmi-mədəni mühitinin yetirməsi olduğunu vurğulayıb. Bildirib ki, Göyçə mahalının Toxluca kəndində anadan olan Hüseyn Əhmədov Azərbaycan pedaqoji fikir tarixinin sistemli şəkildə araşdırılmasına mühüm töhfələr verib, pedaqogika elminin müxtəlif istiqamətlərində fundamental tədqiqatlar aparıb.

İcma sədri akademikin “XIX əsr Azərbaycan məktəbi” monoqrafiyasında və “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” dərsliyində Qərbi Azərbaycanda maarifçiliyin, dini və dünyəvi təhsil müəssisələrinin, eləcə də pedaqoji fikrin inkişafı ilə bağlı mühüm müddəaların öz əksini tapdığını diqqətə çatdırıb. Qeyd edib ki, Hüseyn Əhmədovun elmi irsi Qərbi Azərbaycan ziyalılarının elmi və pedaqoji fəaliyyətinin Azərbaycan elm və təhsil tarixinin ayrılmaz hissəsi olduğunu göstərir.

Sonra söz Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanova verilib. Misir Mərdanov akademik Hüseyn Əhmədovun pedaqoji fikir tarixinin araşdırılmasındakı xidmətlərindən danışıb. Bildirib ki, onun tədqiqatları nəticəsində bir sıra maarif və məktəb xadimlərinin fəaliyyəti daha dərindən öyrənilib, pedaqoji fikir tarixinin az araşdırılmış səhifələri elmi dövriyyəyə gətirilib. O, akademikin elmi sələfləri sırasında professor Əhməd Seyidov və akademik Mehdi Mehdizadənin xidmətlərini də xüsusi qeyd edib.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, professor Rüfət Əziziov çıxış edərək akademik Hüseyn Əhmədovun universitetin elmi-pedaqoji mühitinin formalaşmasında rolundan və pedaqoji elmin inkişafına verdiyi töhfələrdən danışıb.

Universitetin professoru, pedaqogika üzrə elmlər doktoru Hikmət Əlizadə, Universitetin prorektoru, dosent Asəf Zamanov çıxışlarında akademikin elmi irsinin pedaqogika elminin inkişafı və müxtəlif istiqamətlərinin araşdırılması baxımından əhəmiyyətini vurğulayıblar. Hüseyn Əhmədovun universitetin inkişafında, ali pedaqoji təhsilin və elmi-pedaqoji fəaliyyətin təkmilləşdirilməsində xidmətlərindən söz açıblar.

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru, Hüseyn Əhmədovun tələbəsi  Fərrux Rüstəmov da çıxış edib. O, öz müəllimi haqda xatirələrini bölüşərək, akademik Hüseyn Əhmədovun Azərbaycan məktəb və pedaqoji fikir tarixinin sistemli şəkildə tədqiqində yaratdığı elmi ənənələrdən danışıb, alimin zəngin elmi irsinin bu gün də tədqiqatçılar üçün mühüm mənbə olduğunu bildirib.

Çıxışlardan sonra akademik Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı məruzələr dinlənilib, onun Azərbaycan təhsil və pedaqoji fikir tarixinin öyrənilməsinə verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans akademik Hüseyn Əhmədovun zəngin elmi irsinə ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycan təhsil və pedaqoji fikir tarixinin, o cümlədən Qərbi Azərbaycanın maarifçilik və təhsil tarixinin araşdırılmasının əhəmiyyətinin bir daha diqqətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyıb.