Konfranslar

Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
29 aprel 2026, 20:46

29 aprel 2026-cı il tarixində Azərbaycan xalqının görkəmli alim-oftalmoloqu, akademik Zərifə Əliyevanın anadan olmasının ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Saatlı rayonunda yerləşən Gənclər Mərkəzində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Konfrans Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızının moderatorluğu ilə baş tutub. Sonra Qərbi Azərbaycan Televiziyasının hazırladığı “Zərifə Əliyeva: nəsillərə örnək ömür yolu” adlı film nümayiş etdirilib.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Qərbi Azərbaycan İcmasının təmsilçiləri – İdarə heyətinin sədri və müavini, Milli Məclisin deputatları Əziz Ələkbərli və Hikmət Məmmədov, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov, İcmanın Ağsaqqallar Şurasının üzvü, professor Paşa Qəlbinur və digər rəsmi şəxslər çıxış ediblər. “Zərifə Əliyeva: nəsillərə örnək ömür yolu”, “Azərbaycan səhiyyə tarixində Zərifə Əliyeva irsi”, “İrəvanın əsilzadə nəslinin parlaq nümayəndəsi” və “Zərifə Əliyeva: fenomen Azərbaycan qadını” mövzularında məruzə və çıxışlar təqdim olunub və alimin çoxşaxəli fəaliyyəti geniş müzakirə edilib.

Çıxışlarda akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafındakı müstəsna rolu, zəngin elmi irsi və yüksək mənəvi dəyərlərə əsaslanan həyat yolu geniş şəkildə təqdim olunub. Qeyd olunub ki, onun fəaliyyəti bu gün də tibb ictimaiyyəti üçün örnək olaraq qalır.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının rəhbər nümayəndə heyəti gün ərzində keçirilən bütün tədbirlərdə fəal iştirak edib.