Xəbərlər

Ali məktəb tələbələri arasında "Hər qarışı Vətəndir" adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 oktyabr 2025, 10:00

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı, “BDU könüllüləri” təşkilatının dəstəyi ilə ali məktəb tələbələri arasında keçirilən “Hər qarışı Vətəndir” adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Elçin Babayev Qərbi Azərbaycanın Azərbaycanın ayrılmaz və əzəli torpağı, xalqımızın qan yaddaşı olduğunu vurğulayıb. O bildirib ki, Qərbi Azərbaycan mövzusunun elmi əsaslarla öyrənilməsi və milli-mənəvi yaddaşımızda möhkəmləndirilməsi istiqamətində ali təhsil müəssisələrinin, alim və tələbələrin üzərinə mühüm vəzifələr düşür. Rektor qeyd edib ki, bu məqsədlə tarixi sənədlər və fotoarxivlər üzərində araşdırmalar aparılmalı, Azərbaycan dövlətinin beynəlxalq hüquq müstəvisində atdığı addımlara elmi dəstək göstərilməlidir. Elçin Babayev vurğulayıb ki, Qərbi Azərbaycan İcması bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. BDU-da fəaliyyət göstərən Erməni Araşdırmaları və Təlim Mərkəzi, həmçinin yeni yaradılmış Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi bu sahədə mühüm elmi işlər görür.

Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu və Qərbi Azərbaycan İcması Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov da çıxış edərək müsabiqənin əhəmiyyətini yüksək qiymətləndiriblər.Onlar vurğulayıblar ki, milli yaddaşın qorunmasında və tariximizin gələcək nəsillərə çatdırılmasında ədəbiyyat və publisistika mühüm vasitədir. “Hər qarışı Vətəndir” müsabiqəsi gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, tarixi yaddaşa qayıdış prosesinə töhfə verir.

Mərasimin sonunda müsabiqə qalibləri elan olunub. I yerə BDU tələbəsi Qasım Xəlilov, II yerə – BDU tələbəsi Hümbət Bədəlov, III yerə – Sumqayıt Dövlət Universitetinin tələbəsi Nigar Xanəliyeva layiq görülüblər.

Həvəsləndirici yerləri isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aygün Fərzəliyeva, Odlar Yurdu Universitetinin tələbəsi Yasin Salehov və Azərbaycan Dillər Universitetinin tələbəsi Rahilə Məmmədova qazanıblar.