Konfranslar

Almaniyalı ekspert Urs Emil Unkauf: Qayıdış hüququ və mədəni irsin bərpası beynəlxalq ədalətin tərkib hissəsidir
13 dekabr 2025, 16:45

Qərbi Azərbaycan İcması tərəfindən keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın IV panelində “Beynəlxalq əməkdaşlıq: qlobal dəstəyin səfərbər olunması” mövzusunda BWA Qlobal İqtisadi Şəbəkəsinin Federal İdarəedici Direktoru, Alman-Azərbaycan Forumu nümayəndəsi Urs Emil Unkauf çıxış edib.

Urs Emil Unkauf bildirib ki, qayıdış hüququ regional və ya situativ məsələ deyil, beynəlxalq hüquqda təsbit olunmuş universal insan hüququdur. Onun sözlərinə görə, bu hüquq təkcə fiziki qayıdışı deyil, eyni zamanda kimliyin, ləyaqətin və mədəni davamlılığın bərpasını əhatə edir.

Çıxışda vurğulanıb ki, Avropa tarixində kütləvi deportasiyalar və mədəni irsin məhv edilməsi dərin travmalar yaradıb və davamlı sülhün təmin olunması üçün tarixi həqiqətin tanınması və mədəni irsin qorunması əsas şərt olub. Bu baxımdan, Ermənistandan didərgin salınmış azərbaycanlıların taleyi Avropa üçün də tanış və anlaşılan bir təcrübədir.

Almaniyalı ekspert qeyd edib ki, müasir Ermənistanda Azərbaycan mədəni irsinin – məscidlərin, qəbiristanlıqların, ziyarətgahların, əlyazmaların və tarixi məkanların – sistemli şəkildə məhv edilməsi təsadüfi deyil, mədəni yaddaşın silinməsinə yönəlmiş məqsədli siyasətin nəticəsidir. O bildirib ki, mədəni irsin qorunması hər hansı siyasi razılaşmadan sonra ikinci dərəcəli məsələ kimi deyil, qayıdışın ləyaqətli və davamlı olması üçün ilkin şərt kimi qiymətləndirilməlidir.

Urs Emil Unkauf beynəlxalq əməkdaşlığın əvəzolunmaz olduğunu vurğulayaraq, UNESCO və Haaqa Konvensiyası kimi beynəlxalq mexanizmlərin, müstəqil sənədləşdirmə və ekspert qiymətləndirmələrinin, eləcə də universitetlər və tədqiqat institutları ilə tərəfdaşlıqların xüsusi rolunu qeyd edib. Onun sözlərinə görə, beynəlxalq şəffaflıq və etimad mühiti qayıdış prosesinin legitimliyini gücləndirir.

Çıxışda Almaniya və Avropa qurumlarının akademik əməkdaşlıq, muzey və arxiv tərəfdaşlığı, parlament və vətəndaş cəmiyyəti müstəvisində maarifləndirmə təşəbbüsləri vasitəsilə Qərbi Azərbaycan məsələsinə töhfə verə biləcəyi bildirilib. Alman-Azərbaycan Forumunun bu istiqamətdə konfranslar, tədqiqatlar, ekspert mübadiləsi və ikidilli nəşrlər vasitəsilə əməkdaşlığa hazır olduğu diqqətə çatdırılıb.

Sonda Urs Emil Unkauf vurğulayıb ki, qayıdış hüququ revizionizm deyil, ədalətin bərpasıdır və mədəni irsin bərpası sərhədlərin yenidən çəkilməsi deyil, insan ləyaqətinin və tarixi yaddaşın qorunması deməkdir. O qeyd edib ki, beynəlxalq əməkdaşlıq mədəni irsi sülhə aparan körpüyə çevirə və regionda davamlı barışığa töhfə verə bilər.