Təqdimatlar

“Amasiya igidləri 44 günlük Vətən müharibəsində ” kitabının təqdimatı oldu
06 noyabr 2024, 23:03

Noyabrın 6-da Qərbi Azərbaycan İcmasında Amasiya rayonunun Ağbaba-Şörəyel mahalının Güllübulaq kəndindən olan, AYB-nin üzvü, "Qızıl qələm" mükafatı laureatlı, 9 kitab müəllifli, şair, publisist, filoloq İmran Qasımovun (İmran Güllübulaqlı) müəllifi olduğu “Amasiya igidləri 44 günlük Vətən müharibəsində ” kitabının təqdimatı oldu.

Əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan QAİ İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli kitab və onun müəllifi ilə bağlı fikirlərini söylədi, kitabın əhəmiyyətindən bəhs etdi. Sədr Zəfərə gedən yolda bütün igidlərimizin şücaət göstərdiyini xüsusi vurğuladı.

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon İcmasının sədri, akademik Abel Məhərrəmov kitabın Amasiya rayonunun Ağbaba-Şörəyel mahalından olan, Qarabağ müharibəsində şəhid olmuş, yaralanmış və iştirak etmiş igidlərdən bəhs etdiyini qeyd etdi. O, həmçinin, bu kitabın qəhrəmanlarımızın əziz xatirəsini yaşatmaq məqsədilə hazırlandığını vurğuladı.

QAİ İH-nin sədr müavini, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov, İcmanın Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Şəhid Orxan Hüseynovun anası Xalidə xanım, Şəhid Murad Məmmədovun atası Yaşar Məmmədov, araşdırmaçı jurnalist, publisist Səyyad Ağbabalı, professor Məhəmməd İmanlı, İcmanın Ziyalılar Şurasının üzvü, filologiya elmləri doktoru, professor, SDU-nin kafedra müdiri, Əməkdar jurnalist Avtandil Məmmədov, AVMVİB-nin beynəlxalq əlaqələr üzrə sədr müavini, müharibə vetranı, “Azərbaycan bayrağı ordenli”, polkovnik Elmar Hüseynov çıxış edərək təqdimatı keçirilən kitabın əhəmiyyətini vurğuladılar.

Sonda müəllif İmran Qasımov kitabın ərsəyə gəlmə prosesi haqqında məlumat verdi.

Qeyd edək ki, kitabın ideya rəhbəri və təşəbbüsçüsü Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov, redaktoru isə ADPU-nin kafedra müdiri, filologiya elmləri doktoru, yazıçı-publisist, AYB-nin üzvü, Prezident təqaüdçüsü, professor Həcər Hüseynovadır.