31 iyul 2026, 09:16
Əziz Ələkbərli,
Mili Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Milli özünüdərkin, mənəvi köklərin və müstəqil dövlətçilik təfəkkürünün təməlində duran ən əsas amil dildir. Xalqı xalq edən, onun tarixi yaddaşını əsrlərdən əsrlərə daşıyan ana dili, eyni zamanda milli suverenliyin də baslıca rəmzidir. Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi: “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.” Hər il avqustun 1-də ölkəmizdə təntənə ilə qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü bu müqəddəs varlığın keçdiyi keşməkeşli və şərəfli inkişaf yoluna bir daha nəzər salmaq fürsətidir.
Ana dilinin inkişafı tarixi hər zaman hamar olmamış, xüsusilə sovet rejiminin hökm sürdüyü illərdə ciddi süni maneələrlə qarşılaşmışdır. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmiş, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi. Belə bir mürəkkəb və təhlükəli şəraitdə ana dili məsələsinin təbliği böyük cəsarət tələb edirdi. Çünki hələ 1930-cu illərdə dil məsələsini qabardan ziyalılar Sibirə sürgün olunur, hətta milli respublikaların rəhbərləri belə ana dili məsələsini gündəmə gətirməkdə acizlik nümayiş etdirirdilər.
Bütün bu süni məhdudiyyətlərə rəğmən, Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz qətiyyətli mövqeyini hər zaman mütləq şəkildə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün gücləri səfərbər etmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir və bu hüquq məhz ana dilində oxumaq imkanı ilə təmin olunmalıdır.
Bu mübarizənin ən parlaq səhifəsi 1978-ci il aprelin 2-də yazıldı. IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin bilavasitə təşəbbüsü və təklifi ilə 73-cü maddəyə müstəsna bir bənd əlavə olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu, mərkəzi imperiya rəhbərliyinin iradəsinə qarşı çıxaraq əldə edilmiş böyük bir tarixi qələbə idi.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ana dilimizin hüquqi statusunun tam bərqərar olunması yeni müstəviyə qədəm qoydu. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülsə də, geniş müzakirələrin nəticəsi kimi təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəkləndi. 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Əsas Qanunun 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz hüquqi təsbitini tapdı.
Dövlət dilinin tətbiqi işində dönüş nöqtəsi isə Ulu Öndərin imzaladığı 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman oldu. Müstəqil Azərbaycanın dil siyasətinin formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu Fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Çox keçmədən, Ulu Öndərin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis olundu.
Hüquqi bazanın daha da möhkəmləndirilməsi məqsədilə 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün geniş zəmin yaradır. Dilin daxili cilalanması və normativ bazasının yenilənməsi istiqamətində isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq olunmuşdur.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq inamla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004–2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin geniş siyahısı hazırlanmış, bununla da milli ədəbi irsimizin yenilənmiş əlifba ilə kütləvi tirajlanmasına start verilmişdir. Həmçinin dövlət başçısının 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşmişdir.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisəyə çevrilmişdir. Bunun məntiqi davamı olaraq, dövlət başçısının “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin rəqəmsal dünyada inkişafı və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində xüsusi əhəmiyyət kəsb etmişdir.
Cənab Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etmişdir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdır (23.11.2024-cü il tarixinədək fəaliyyət göstərmişdir). Ən son olaraq, dövlət başçısının 2025-ci il iyulun 31-də imzaladığı Fərmanla müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək, həmçinin Azərbaycan dilinin inkişafını təmin etmək səlahiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə aid edilmişdir.
Çünki Azərbaycan dili yalnız bir hüquqi termin, yaxud inzibati ünsiyyət vasitəsi deyildir; o, əsrlərin tufanından, tarixin amansız sınaqlarından keçərək bizə yadigar qalmış ən müqəddəs milli sərvətimiz, ruhumuzun aynası və azadlığımızın hayqırtısıdır. Bu dil – babalarımızın bizə əmanət etdiyi, üzərində müqəddəs Vətən torpağının nəfəsi, şəhidlərimizin al qanı və millətimizin minillik kimliyi möhürlənmiş ilahi bir incidir. Azərbaycan dilini qorumaq – sadəcə bir dili yaşatmaq deyil, dövlətimizin müstəqilliyini, xalqımızın mənəvi varlığını və əbədi zəfər yürüşünü sarsılmaz etməkdir.
Bu gün qürurla deyə bilərik ki, nə qədər ki müstəqil Azərbaycan dövləti var, onun zəngin və büllur kimi saf ana dili də dünya durduqca yaşayacaq, gələcək nəsillərin yoluna işıq saçacaq və hər birimizin qəlbində ən ali, ən müqəddəs bir ibadətgah kimi ucalacaqdır.
https://aia.az/129509-ana-dilimiz-milli-varligimizin-ve-dovletciliyimizin-sutunudur.html