Xəbərlər

Aşıq Ələsgərin abidəsinin açılışının ildönümü qeyd olunub
30 sentyabr 2026, 17:00

30 sentyabr 2026-cı il tarixində böyük Azərbaycan aşığı, mütəfəkkir və söz sənətinin qüdrətli nümayəndəsi Aşıq Ələsgərin Bakıda ucaldılan abidəsinin açılışının ildönümü münasibətilə tədbir keçirilib.

Açılışın ikinci ildönümü münasibətilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin üzvləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri və ziyalılar Aşıq Ələsgərin abidəsini ziyarət ediblər. Ziyarət zamanı abidənin önünə gül dəstələri qoyulub, böyük ustadın xatirəsi ehtiramla yad edilib.

Bildirilib ki, Aşıq Ələsgərin Bakıda ucaldılan abidəsi böyük sənətkarın Azərbaycan xalqının ədəbi-mədəni tarixindəki müstəsna mövqeyinə verilən yüksək qiymətin ifadəsidir. Ustadın yaradıcılığı Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, doğma yurda bağlılığını və zəngin söz sənəti ənənələrini özündə yaşadan mühüm irs kimi qiymətləndirilib.

Daha sonra “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin yeni ofisinin açılışı olub. 

Tədbir yeni ofisin akt zalında çıxlarla davam etdirilib. 

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxışında Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə Bakıda abidəsinin ucaldılmasına və böyük ustadın irsinə göstərilən yüksək diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O qeyd edib ki, 30 sentyabr 2024-cü ildə Prezidentin iştirakı ilə abidənin açılışının keçirilməsi Aşıq Ələsgərin milli-mənəvi irsimizdəki mövqeyinə verilən yüksək qiymətin göstəricisidir. Xətai Ələsgərli abidənin açılışının ildönümündə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin yeni ofislə təmin olunmasını əlamətdar hadisə kimi dəyərləndirib. Bildirib ki, yeni ofis Aşıq Ələsgər irsinin tədqiqi və təbliği, eləcə də Qərbi Azərbaycanın zəngin mədəni irsinin yaşadılması istiqamətində fəaliyyət üçün yeni imkanlar yaradacaq. O, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış arzusunun gerçəkləşəcəyinə inamını ifadə edib.

Tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin İdarə Heyətinin üzvü, “Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği” Mərkəzinin sədri Abbas Bağırov, Azərbaycan alimi, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, əməkdar elm xadimi, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin İdarə Heyətinin üzvü İbadulla Ağayev, Basarkeçər rayon icmasının sədri, tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin İdarə Heyətinin üzvü Nuru Bayramov, türkoloq, professor, Alman-Azərbaycan Cəmiyyətinin sədri, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin İdarə Heyətinin üzvü Çingiz Abdullayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, şair, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Yusif Nəğməkar, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, professor Rəhilə Abdullayeva, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin müşaviri, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Dünyası Qadın Şairlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Gülnar Şamilqızı çıxış ediblər.

Tədbir iştirakçıları çıxışlarında Aşıq Ələsgərin zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatı və aşıq sənətindəki xüsusi yerindən, ustadın irsinin tədqiqi və təbliğinin əhəmiyyətindən danışıblar. Eyni zamanda Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması, milli yaddaşın yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərin vacibliyi vurğulanıb.

Sonda Aşıq Ələsgər irsinin daha geniş şəkildə araşdırılması və təbliği, eləcə də Qərbi Azərbaycan mədəni irsinin yaşadılması istiqamətində fəaliyyətin yeni ofisdə davam etdiriləcəyi bildirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibətilə Bakıda ucaldılan abidənin açılışı 30 sentyabr 2024-cü ildə keçirilib. Açılış mərasimində Qərbi Azərbaycan İcmasının rəhbər heyəti, üzvləri, Aşıq Ələsgərin ailə üzvləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.