Avropa Parlamentinin üzvü Xaviyer Nart Qərbi Azərbaycan İcmasında İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və İcmanın sözçüsü Ülviyyə Zülfiqar ilə görüşüb. Görüşdə İcma sədri İspaniyalı qonağa Qərbi Azərbaycanlıların ötən 200 il ərzində üzləşdiyi soyqırımıları və deportasiyalar barədə məlumat verib, dağıdılan maddi-mədəni irsimizdən bəhs edib. Ə.Ələkbərli Avropa Parlamentində Azərbaycana qarşı qərəz və ayrı-seçkiliyin regionda sabitliyə mənfi təsir etdiyini qeyd edib. Parlamentariyə bildirilib ki, soydaşlarımız sonuncu 1987-1991-ci illər deportasiyası zamanı zorla öz evlərini tərk etməyə məcbur ediliblər. Bu gün onların niyyəti sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz ata-baba yurdlarına qayıtmaqdır. Xaviyer Nart öz növbəsində Qərbi Azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandıraraq həqiqətlərimiz barədə daha çox məlumat istəməklə öyrəndiklərini Avropalı həmkarlarına çatdıracağını bildirib. Qonağa Qərbi Azərbaycan İcmasının bir neçə dildə nəşr edilmiş Qayıdış Konsepsiyası da təqdim olunub.