Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Qərbi Azərbaycan həqiqətləri” adlı elmi-praktiki konfrans keçirildi. Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədr müavini Kamal Cəfərovun moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himnimiz səsləndirildi, Ümummilli lider Heydər Əliyevin, Vətən uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əsgərov konfransda müzakirə ediləcək mövzular barədə məlumat verdi. Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər şurasının sədr müavini Kamal Cəfərov Qərbi Azərbaycan həqiqətləri, soydaşlarımızın başlarına gələn müsibətlər, dağıdılan maddi-mədəni, o cümlədən mənəvi irsimiz barədə məlumat verdi və bu istiqamətdə Qərbi Azərbaycan İcmasının gördüyü işlərdən danışdı. Daha sonra Qərbi Azərbaycan İcmasının Aparatında Gənclərlə iş üzrə məsul şəxs Anar İrzaquluyev “Qərbi Azərbaycan həqiqətləri” haqqında təqdimatla çıxış etdi. Tarix üzrə elmlər doktoru Vasif Qafarov “Qərbi Azərbaycan həqiqətləri: tarix və müasirlik” mövzusunda danışdı.