
24 may 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasında Azərbaycan Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədovla görüş keçirilib.
Görüşdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, İcmanın Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov, İcmanın Aparat rəhbəri Qalib Qasımov iştirak edib.
İcma ilə Federasiya arasında qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuş, birgə layihələr və təşəbbüslər barədə fikir mübadiləsi aparılmışdır.
Əziz Ələkbərli icmanın məqsəd və məramı barədə məlumat verib. Bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində gənclərin sıx birləşməsi, onların arasında koordinasiyanın qurulması və sağlam həyat tərzinin təbliği istiqamətində Federasiya ilə birgə fəaliyyətin qurulması vacib əhəmiyyətə malikdir. Görüşdə, həmçinin, mini futbol üzrə birgə turnirlərin təşkili, Qərbi Azərbaycan rayon İcmalarının mini futbol komandalarının keçiriləcək ölkə çempionatında iştirakı ilə bağlı məsələlər və gənc istedadların üzə çıxarılması kimi məsələlər diqqət mərkəzində olub.
Orxan Məmmədov bildirib ki, idman, xüsusilə də mini futbol gənclər arasında milli həmrəyliyi və vətənpərvərlik ruhunu gücləndirmək baxımından mühüm vasitədir. Orxan Məmmədov Qərbi Azərbaycan İcması ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı ola biləcəyini qeyd edərək, bu çərçivədə konkret layihələrin həyata keçirilməsinin vacibliyini önə çəkib. O, Federasiyanın yalnız idman yarışlarının təşkili ilə deyil, eyni zamanda sosial və mədəni inteqrasiyanı dəstəkləyən proqramlarda da fəal iştirak etməyə maraqlı olduğunu vurğulayıb.
Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq istiqamətində birgə fəaliyyət planının hazırlanması ilə bağlı razılığa gəliblər.