Xəbərlər

Azərbaycanın sənaye siyasətində yeni mərhələ başlayır
22 sentyabr 2026, 14:00

Əziz Ələkbərli,

Milli Məclisin deputatı,

Qərbi Azərbaycan İcması

İdarə Heyətinin sədri

 

Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasıdır. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə səslənən fikirlər bu strategiyanın yeni və mühüm istiqamətlərindən birini ortaya qoydu.

Cənab Prezident İlham Əliyevin çıxışında dövlət proqramlarının hazırlanmasına və icrasına xüsusi yanaşma diqqət çəkdi. Dövlət başçısı vurğuladı ki, “qəbul edilmiş bütün proqramlar çox konkretdir, qısamüddətlidir və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur.”

Bu yanaşma dövlət siyasətində müəyyən edilmiş hədəflərlə onların maliyyə təminatının uzlaşdırılmasının əhəmiyyətini göstərir. İqtisadi siyasətin davamlılığı da məhz strateji məqsədlərin konkret layihələrə və real investisiyalara çevrilməsindən keçir.

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun rolunun artırılması bu siyasətin əsas istiqamətlərindən biridir. Müşavirədə cari ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faizlik artımın qeydə alındığı bildirildi. Prezident bu dinamikanın davamlı olmasının vacibliyini vurğulayaraq qeyd etdi ki, “qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək.”

Dağ-mədən və metallurgiya sənayesinə xüsusi diqqət yetirilməsi də məhz bu iqtisadi xəttin davamıdır. Cənab Prezident İlham Əliyev bu sahəni “ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyan, çox perspektivli sahə” kimi xarakterizə etdi.

Burada əsas məsələ Azərbaycanın malik olduğu mineral ehtiyatların yalnız hasilatı deyil, onların emal səviyyəsinin yüksəldilməsidir. Dövlət başçısının “Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır” fikri yeni sənaye siyasətinin mahiyyətini aydın ifadə edir.

Bu prinsip xammalın çıxarılmasından başlayaraq onun zənginləşdirilməsi, emalı və hazır məhsula çevrilməsinə qədər bütün mərhələlərin iqtisadi sistem daxilində əlaqələndirilməsini nəzərdə tutur. Beləliklə, təbii sərvətin iqtisadi dəyərinin daha böyük hissəsinin ölkə daxilində formalaşdırılması qarşıya məqsəd qoyulur.

Yeni Dövlət Proqramının miqyası da qarşıya qoyulan hədəflərin konkretliyini göstərir. 2027–2030-cu illərdə proqram çərçivəsində 5,3 milyard manat investisiyanın yatırılması, 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması planlaşdırılır.

Prezidentin çıxışında dövlətin investisiya siyasətindəki mövqeyi də aydın ifadə edildi: “Onsuz da biz bunu edəcəyik.” Bu fikrin arxasında strateji əhəmiyyət daşıyan layihələrin icrasına dövlətin uzunmüddətli baxışı dayanır. Eyni zamanda, sahəyə özəl və xarici investisiyaların cəlb edilməsi üçün imkanların genişləndirilməsi nəzərdə tutulur.

Azərbaycanın sənaye siyasətində bu mərhələni xarakterizə edən əsas xüsusiyyətlərdən biri də mövcud resursların daha səmərəli iqtisadi aktivə çevrilməsidir. Prezidentin ifadəsi ilə desək, “təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.”

Məhz bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ayrıca bir sektorun böyüdülməsindən daha geniş məna daşıyır. Qarşıya qoyulan məqsəd Azərbaycanın sənaye potensialını artırmaq, qeyri-neft iqtisadiyyatının yeni dayaqlarını formalaşdırmaq və ölkənin ixrac imkanlarını genişləndirməkdir.

Bu siyasətin əsas fəlsəfəsini bir cümlə ilə ifadə etmək mümkündür: Azərbaycan öz təbii sərvətlərindən yalnız gəlir əldə etməyə deyil, həmin sərvətləri daha yüksək əlavə dəyər yaradan sənaye məhsullarına çevirməyə çalışır.