Xəbərlər

Azərbaycanın Xalq artisti Mübariz Tağıyevlə görüş keçirilib
25 avqust 2026, 16:29

24 avqust 2026-cı il tarixində Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Azərbaycanın Xalq artisti Mübariz Tağıyevlə görüş keçirilib.

Tədbir Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilib.

Görüşdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Qərbi Azərbaycan İcmasının Xətai rayon nümayəndəliyinin rəhbəri Vilayət Əmirov, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, İcmanın Qadınlar Şurası sədrinin müavini, Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Telli Pənahqızı, Qərbi Azərbaycan İcmasının Aparatının şöbə müdiri Faiq Kərimov, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin rəhbəri Xəqani Səfərov, şəhid ailələrinin üzvləri, mədəniyyət və incəsənət nümayəndələri, ictimaiyyət təmsilçiləri və rayon sakinləri iştirak ediblər.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında Mübariz Tağıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında özünəməxsus xidmətləri olduğunu, onun yaradıcılığının neçə-neçə nəslin musiqi zövqünün formalaşmasına təsir göstərdiyini bildirib.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Mübariz Tağıyevin yüksək peşəkarlığı, özünəməxsus ifa tərzi və milli musiqi sənətinə sədaqəti ilə Azərbaycan estrada sənətində layiqli mövqe qazandığını vurğulayıb.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Xalq artistinin çoxillik yaradıcılıq fəaliyyətinin Azərbaycan mədəniyyətinin təbliğinə mühüm töhfə verdiyini, onun ifalarının bu gün də geniş auditoriya tərəfindən sevildiyini diqqətə çatdırıb.

Qərbi Azərbaycan İcmasının Xətai rayon nümayəndəliyinin rəhbəri Vilayət Əmirov isə Mübariz Tağıyevin yalnız görkəmli sənətkar kimi deyil, həm də milli-mədəni dəyərlərin yaşadılmasına töhfə verən ziyalı kimi fəaliyyətini yüksək qiymətləndirib.

Sonra Xalq artisti Mübariz Tağıyev yaradıcılıq fəaliyyəti, sənət yolu və Azərbaycan estrada sənətinə verdiyi töhfələr barədə fikirlərini bölüşüb, iştirakçıların suallarını cavablandırıb.

Görüşün bədii hissəsində Mübariz Tağıyevin ifasında Azərbaycan musiqisinin sevilən nümunələri səsləndirilib. Sənətkarın ifaları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Səmimi şəraitdə keçən görüş Azərbaycan mədəniyyətinin və milli musiqi irsinin təbliği, tanınmış sənətkarların yaradıcılıq fəaliyyətinin gənc nəslə çatdırılması, eləcə də sənət adamları ilə ictimaiyyət arasında canlı ünsiyyətin gücləndirilməsi baxımından əhəmiyyətli olub