Xəbərlər

Azəri-Türk Qadınlar Birliyinin 30 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
04 may 2026, 22:08

3 may 2026-cı il tarixində Azəri-Türk Qadınlar Birliyinin 30 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Yubiley mərasimi Azərbaycan və Türkiyədən olan rəsmi şəxslərin, millət vəkillərinin, ictimai xadimlərin, media nümayəndələrinin və gənc nəslin iştirakı ilə yüksək səviyyədə təşkil olunub.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı açılış nitqi ilə çıxış edərək təşkilatın 30 illik fəaliyyət yoluna nəzər salıb, Türk dünyasında qadın həmrəyliyi, milli-mənəvi dəyərlərin qorunması və ictimai fəaliyyət istiqamətində həyata keçirilən mühüm layihələrdən bəhs edib. O, çıxışında təşkilatın bu illər ərzində həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə qadın hərəkatının inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb.

Tədbir çərçivəsində “Türk qadınının 30 illik izləri” adlı sənədli film nümayiş etdirilib.

Çıxış edənlər sırasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Milli Məclisin deputatları Hicran Hüseynova və Fəzail İbrahimli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, eləcə də digər ictimai və QHT rəhbərləri yer alıblar.

Çıxışında Əziz Ələkbərli Azəri-Türk Qadınlar Birliyinin Türk dünyasında qadın həmrəyliyinin formalaşmasında və milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadığını qeyd edib. O, Tənzilə Rüstəmxanlının bu istiqamətdə, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği sahəsində göstərdiyi ardıcıl və prinsipial fəaliyyətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Əziz Ələkbərli həmçinin növbəti yubileylərin Qərbi Azərbaycanda qeyd olunması və gələcəkdə İrəvan Türk Qadınlar Birliyinin yaradılması arzusunu ifadə edib.

Tədbirin gedişində müxtəlif ictimai xadimlər və təşkilat rəhbərləri plaketlərlə təltif olunub, Azəri-Türk Qadınlar Birliyinin fəaliyyətinə verdikləri dəyərli töhfələrə görə təşəkkür edilib.

Bədii hissədə “Atatürk” liseyinin şagirdləri tərəfindən təqdim olunan “Umay Ana”, “Çadır-Bayraq” və “Həmrəylik” rəqs nömrələri böyük maraqla qarşılanıb. Türk dünyasının birliyi, ortaq mədəni kökləri və milli ruhuna həsr olunmuş bu səhnə kompozisiyaları tədbirə xüsusi estetik ovqat və mənəvi zənginlik qatıb.