Xəbərlər

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq memorandumu imzalanıb
12 mart 2026, 01:08

11 mart 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin nümayəndələri Qərbi Azərbaycan İcmasında qonaq olublar.

Görüş zamanı gənclər siyasəti, idmanın inkişafı və Qərbi Azərbaycan irsinin gənclər arasında tanıdılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli qonaqları salamlayaraq İcmanın fəaliyyəti, qarşıya qoyulan əsas hədəflər və bu istiqamətdə görülən işlər barədə məlumat verib. O bildirib ki, İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasını ziyarəti zamanı Qərbi Azərbaycanla bağlı müəyyənləşdirilən vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi prioritet istiqamətlərdəndir. Onun sözlərinə görə, bu sahədə aparılan fəaliyyət tarixi həqiqətlərin təbliği və milli yaddaşın qorunmasına xidmət edir.

Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan mövzusunun gənclər arasında tanıdılması, tarixi həqiqətlərin təbliği və milli yaddaşın qorunması istiqamətində birgə layihələrin həyata keçirilməsi vacibdir. O vurğulayıb ki, belə təşəbbüslər gənclərin tarixə və milli-mənəvi irsə bağlılığını daha da möhkəmləndirə bilər.

Dənyar Teymurlu isə çıxışında bildirib ki, gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşması və sağlam həyat tərzinə təşviqi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. O qeyd edib ki, bu sahədə ictimai təşkilatlarla əməkdaşlığın genişləndirilməsi birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradır.

Görüş çərçivəsində Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi İdarənin rəisi Dənyar Teymurlu və İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli imzalayıblar.

Memorandum gənclərin inkişafı, idman və sağlam həyat tərzinin təşviqi, milli-mədəni irsin qorunması və təbliği, eləcə də Qərbi Azərbaycan tarixinin gənclər arasında tanıdılması istiqamətində tərəflər arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Sənədə əsasən tərəflər gənclərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, Qərbi Azərbaycan tarixi irsinin təbliği, idman yarışları və turnirlərin təşkili, sağlam həyat tərzi ilə bağlı tədbirlərin keçirilməsi, həmçinin təhsil, liderlik və könüllülük proqramları üzrə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Memorandum çərçivəsində tərəflər birgə layihələrin icrası üçün əlaqələndirici şəxslər müəyyən edəcək, fəaliyyət planı hazırlayacaq və müxtəlif sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək göstərəcəklər.