15 iyul 2025, 16:20
Balakən şəhər Uşaq İncəsənət məktəbinin akt zalında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Zəngibasar rayon icmasının sədri Mirfaiq Mirheydərli, Aparatının elmi işçisi Şəmsi Qocayev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəsi Yaşar Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasına həsr olunmuş sənədli videoçarx nümayiş etdirilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Qərbi Azərbaycanla bağlı həqiqətlərin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. “Qərbi Azərbaycan irsi” kitabı bu baxımdan tarixi yaddaşın qorunmasında mühüm rol oynayır. Qeyd olunub ki, azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına ilk hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib.
Mirfaiq Mirheydərli qeyd edib ki, nəşr elmi, tarixi və ideoloji baxımdan əhəmiyyətlidir. Kitabda toplanmış etnoqrafik, toponimik və demoqrafik məlumatlar dəqiq və sənədlərlə əsaslandırılıb. O, ermənilər tərəfindən dağıdılmış məscidlərin, məktəblərin, qəbiristanlıqların və digər maddi-mədəni irs nümunələrinin sənədləşdirilməsinin gələcək nəsillərə ötürülən dəyərli məlumatlar olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Aparatının elmi işçisi Şəmsi Qocayev, İcmanın rayon üzrə nümayəndəsi Yaşar Məmmədov və Balakən şəhər Uşaq İncəsənət məktəbinin direktoru Arifə Tağıyeva nəşrin ictimai hesabatlılıq və milli kimliyin qorunması baxımından vacib olduğunu qeyd ediblər. Bildirilib ki, kitabda əks olunan faktlar azərbaycanlıların yaddaşına, mənəviyyatına və tarixinə vurulan zərbələri əks etdirir. Eyni zamanda Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasında ziyalılarla görüşü Qayıdış Konsepsiyasının formalaşmasında mühüm mərhələ olduğu iştirakçıların diqqətinə çatdırılıb.










