Xəbərlər

Barana rayon icmasının təşkilatçılığı ilə bu il ali məktəblərə qəbul olan gənclərlə görüş keçirilib
19 oktyabr 2026, 20:19

18 oktyabr 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyində Barana rayon icmasının təşkilatçılığı ilə bu il ali məktəblərə qəbul olan gənclərlə görüş keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Barana rayon icmasının sədri Osman Hacıyev çıxışında gəncləri ali məktəblərə qəbul olmaları münasibətilə təbrik edib, qəbul nəticələri barədə məlumat verib.

Bildirilib ki, bu il Barana rayonundan olan 27 nəfər ali məktəblərə qəbul olunub. Onlardan biri respublika fənn olimpiadasının qalibi olduğu üçün imtahansız Bakı Ali Neft Məktəbinə, digəri isə 627 balla Naxçıvan Tibb Universitetinə daxil olub. Qəbul olunanlardan 10 nəfəri Ləmbəli, 9 nəfəri Meyvəli, 7 nəfəri Yuxarı Körpülü kəndinin, 1 nəfəri isə Ayrım qəsəbəsinin sakinidir. İcma sədri tələbələrə təhsil müddətində uğur qazanmaq, bilik və bacarıqlarını inkişaf etdirmək barədə tövsiyələrini verib.

Qərbi Azərbaycan İcmasının şöbə müdiri Faiq Kərimov çıxışında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin təbriklərini tələbələrə çatdırıb. O, tələbəlik illərinin gənclərin şəxsi və peşəkar inkişafında mühüm mərhələ olduğunu vurğulayaraq onları vaxtlarından səmərəli istifadə etməyə, biliklərini artırmağa və milli-mənəvi dəyərlərimizi qorumağa çağırıb.

Daha sonra Barana rayon icmasının sədr müavini, Yuxarı Körpülü kənd icmasının sədri Vidadi Avdiyev, sosiologiya üzrə fəlsəfə doktoru Yaqut Əliyeva, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Abdurrahman Adıgözəlov, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mirzə Ənsərli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, doktorant Qönçə Rəhimova, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov və Barana rayon icmasının gənclər üzrə məsul şəxsi Hidayət Qaraca çıxış ediblər.

Çıxışçılar ali məktəbə qəbul olmuş gəncləri təbrik edib, onların gələcəkdə savadlı mütəxəssis kimi cəmiyyətin inkişafına verəcəkləri töhfənin və Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliğində fəallıqlarının əhəmiyyətini vurğulayıblar.

Sonda tələbələrə “Təşəkkürnamə”lər təqdim olunub və xatirə şəkli çəkdirilib.