Xəbərlər

Barana rayonunun Körpülü kənd məktəbinin 105 illik yubileyi qeyd olunub
15 sentyabr 2025, 19:28

13 sentyabr 2025-ci il tarixində Qərbi Azərbaycanın Barana rayonunun Körpülü kənd məktəbinin 105 illik yubileyi Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Palma” istirahət mərkəzində təntənəli şəkildə qeyd olundu. Tədbirdə elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və məktəbin məzunları iştirak edirdilər.

Əvvəlcə iştirakçılar kəndin tarixinə və məktəbin fəaliyyətinə dair təşkil edilən sərgiyə baxış keçirdilər. Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyev ilə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbirə ev sahibliyi edən Əməkdar mühəndis, Barana rayon icmasının Ağsaqqallar Şurasının sədri İsmayıl Məmmədov qonaqları salamladıqdan sonra yubiley iştirakçıları 1998-ci ildə çəkilmiş “Körpülü və Körpülülər” adlı videoçarxa baxdılar.

Daha sonra Respublikanın Əməkdar müəllimi, məktəbin məzunu Rafiq Məmmədov məktəbin tarixi və məzunları barədə məruzə ilə çıxış etdi.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli körpülülərin qəhrəmanlığından danışdı. O, vurğuladı ki, Qərbi Azərbaycan ərazisində yerləşən qədim Körpülü kəndi bölgənin həm tarixi, həm də mədəni irsində xüsusi yer tutur. Bu kənd əsrlər boyu azərbaycanlıların məskunlaşdığı, zəngin kənd təsərrüfatı və maarif ənənələri ilə tanınan qədim yurd yeri olub. Lakin erməni millətçi dairələrinin təcavüzkar siyasəti nəticəsində kənd dəfələrlə faciələrə məruz qalıb. Buna baxmayaraq, kənd sakinləri təhsilə və elmə xüsusi diqqət yetiriblər. Məhz bunun nəticəsidir ki, hazırda kənd məktəbi özünün 105 illiyini qeyd edir.

Sonra Milli Məclisin deputatı Elşad Musayev və “Qərbi Azərbaycan TV”-nin sədri Telli Pənahqızı Körpülü və körpülülər haqqında öz xatirələrini bölüşdülər.

Daha sonra çıxış edən Barana rayon icmasının sədri Osman Hacıyev, yazıçı-publisist Elşad Qoca, professor Sədi Əbdürrəhmanov, elmlər namizədi Əbdürrəhman Adgözəlov, Akademiyanın elmi işçisi Mirzə Ənsər, məktəbin müəllim və məzunları məktəbin yaradıcısı və ilk direktoru olmuş Qoca bəy Süleymanovun və onun oğlu, görkəmli yazıçı Nəriman Süleymanovun da bu il müvafiq olaraq 150 və 95 illik yubileylərinin olduğunu qeyd etdilər.

Sonda xatirə hədiyyələri təqdim olundu, yubiley iştirakçıları birlikdə şəkil çəkdirdilər.