Müstəqil, tərəfsiz və humanizm prinsipləri əsasında işləyən Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz təşəbbüsü ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin mümkün ehtiyacını ödəmək üçün 40 ton unu Ağdam-Xankəndi yolu vasitəsilə aparmağa çalışır.
Lakin, həmin bölgədəki qondarma rejim Ermənistanın fitnəsi ilə, Qızıl Aypara Cəmiyyətinin ərzaq konvoyunun oraya daxil olmasına imkan vermir.
Bütün bunlar həmin bölgədə yaşayan ermənilərin ərzaq, xüsusilə un çatışmazlığı ilə üzləşdiyi barədə Ermənistanın davamlı təbliğatı fonunda baş verir.
Ermənistanın Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ehtiyacı olanları ərzaq ilə təmin etməsinin qarşısını alması Qarabağın erməni əhalisinin ərzaqla təminatında əslində problem olmadığını və ya yardıma ehtiyac olmasına baxmayaraq bu yardımdan mənfur siyasi məqsədlər və etnik nifrət səbəbilə imtina edildiyini göstərir.
Hər bir halda, Ermənistanın bu addımı bu dövlətin irqçi siyasətini və mülki əhalinin humanitar ehtiyaclarından siyasi məqsədlərlə sui-istifadə edəcək dərəcədə riyakar və qəddar olmasını göstərir.
Qərbi Azərbaycan İcması dünya ictimaiyyətini Ermənistanın bu qeyri-insani və irqçi siyasətini pisləməsini, ona son verməsi və əhalinin təchizatına mane olmağını dayandırması üçün bu ölkəyə təzyiq etməyə çağırır.