18 sentyabr 2026, 17:24
17 sentyabr 2026-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq İsgəndər Ağbabalının 100 illik və oğlu, ustad aşıq Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş “Sazın səsi – sözün nəfəsi” adlı tədbir keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon İcmasının sədri, akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Milli Məclisin deputatı Sahib Alıyev, İcmanın nümayəndələri, ziyalılar, elm və sənət adamları, aşıqlar, mədəniyyət xadimləri, yubilyarların ailə üzvləri və sənətsevərlər iştirak ediblər.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon İcmasının sədri, akademik Abel Məhərrəmov çıxışında Aşıq İsgəndər Ağbabalı və Aşıq Faxfur Ağbabalının Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərindən, Ağbaba aşıq mühitinin ənənələrinin qorunması və yaşadılmasında rolundan danışıb. O, yubilyarları təbrik edərək onlara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb.
AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Azərbaycan folklorunun, o cümlədən aşıq sənətinin zəngin irsinin qorunmasının və ustad sənətkarların yaradıcılığının gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında saz və söz sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərləri sistemində xüsusi yer tutduğunu qeyd edib və yubilyar sənətkarları təbrik edib.
Tədbir zamanı Aşıq İsgəndər Ağbabalının həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib. Daha sonra Aşıq Faxfur Ağbabalı atasının yaradıcılığından nümunələr səsləndirib və onun sənət yolundan danışıb.
Yubiley proqramında Aşıq Familə Göyçəli, Aşıq Əli Zeynalabdinov, Aşıq Xaqani Zeynalabdinov və Aşıq Ramin Qarayevi müxtəlif ifalarla çıxış ediblər. Aşıq Əli Zeynalabdinov Aşıq İsgəndər Ağbabalının sözlərinə “Ovşarı”, Aşıq Xaqani Zeynalabdinov “Kərəm gözəlləməsi”, Aşıq Familə Göyçəli isə Aşıq Faxfur Ağbabalının sözlərinə “Naxçıvani” aşıq havasını ifa edib. İfaçılar Əməkdar mədəniyyət işçisi Ələkbər Ələkbərov tərəfindən balabanda müşayiət olunublar.
Tədbirdə Aşıq Qurban Əlyarlı, Səhənd Əlyarlı, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, əməkdar jurnalist Səyyad Ağbabalı və QAİ Ziyalılar Şurasının üzvü, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba da çıxış edərək yubilyarların yaradıcılığı və sənət yolu ilə bağlı fikirlərini bölüşüblər.
Proqram çərçivəsində Aşıq İsgəndər Ağbabalının yaradıcılığında mühüm yer tutan “Çalpapax” havası haqqında məlumat verilib, həmçinin ustad sənətkar Aşıq Məhəmmədəli Məşədiyevin yaradıcılığına toxunulub.
Yubiley tədbirində Aşıq Faxfur Ağbabalıya xüsusi hədiyyələr, fəxri fərmanlar və saz təqdim olunub.
Tədbirin sonunda Aşıq Faxfur Ağbabalının 70 illik yubileyinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
“Sazın səsi – sözün nəfəsi” adlı yubiley tədbiri ustad sənətkar Aşıq İsgəndər Ağbabalının sənət irsinə və Aşıq Faxfur Ağbabalının çoxillik yaradıcılıq fəaliyyətinə ehtiramın ifadəsi olmaqla yanaşı, Ağbaba-Çıldır aşıq mühitinin zəngin ənənələrinin yaşadılması baxımından əhəmiyyətli mədəni tədbir olub.











