Təqdimatlar

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə BMTM-in “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” ilə bağlı məruzəsinin təqdimatı keçirilib
10 iyun 2024, 14:53

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə BMTM-in “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” ilə bağlı məruzəsinin təqdimatı keçirilib.
Açılış nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli məruzənin əhəmiyyətini vurğuladı. Sədr bildirdi ki, azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı beynəlxalq hüququn norma və prinsiplərinə əsasən mütləq və zəruridir. Bu proses sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə baş tutmalıdır.
Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev məruzə barədə qısa məlumat verdi. O bildirdi ki, sözügedən mövzuda məruzənin ingilis dilində yazılmasının əsas məqsədi beynəlxalq ictimaiyyətdə azərbaycanlı qaçqınlar barədə ətraflı məlumat vermək və  birtərəfli yanaşmaların qarşısına keçməkdir.
Daha sonra çıxış edən BMTM-in şöbə müdiri Cavid Vəliyev azərbaycanlıların Ermənistandan deportasiyasının erməni millətçiləri tərəfindən aparılan sistemli və ardıcıl siyasətin tərkib hissəsi olduğunu diqqətə çatdırdı.
 Məruzənin hazırlanmasında iştirak edən ADA universitetinin Beynəlxalq Münasibətlər üzrə məzunları Elcan Həsənli və Sarvan Hüseynovun təqdimatları dinlənildi.
Dəyirmi masa sual-cavab sessiyası ilə davam etdirildi. 
Qeyd edək ki, BMTM tərəfindən hazırlanan“Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” sərlövhəli məruzə 5 bölmədən ibarətdir.

Birinci bölmədə azərbaycanlıların Ermənistandan deportasiyası prosesinin tarixinə nəzər salınır. Deportasiyanın mərhələləri barədə detallı məlumat verilir.

İkinci bölmədə qrup məlumatları, sorğu yekunları və zərərçəkmiş şəxslərdən, hadisə şahidlərindən alınan müsahibələr təhlil edilir.

Üçüncü bölmədə azərbaycanlıların Ermənistana qayıdışı prosesi ilə bağlı  mümkün siyasi həll istiqamətləri - azərbaycanlı qaçqınların geri qayıdışı ilə bağlı məsələlər, onlar  üçün sosial proqramların həyata keçirilməsi, həmçinin, Ermənistan hökuməti tərəfindən müvafiq hüquqi və inzibati tədbirlər görülməsi və icmalararası dialoqun təşviqi  kimi məsələlər təklif edilir.

Dördüncü bölmə əvvəlki bölmədə qeyd edilən təkliflərin icrası zamanı ortaya çıxa biləcək mümkün problem və çağırışları ehtiva edir.

Nəticə bölməsində isə hərtərəfli təhlilin yekunu olaraq müvafiq tövsiyələr irəli sürülür.