Konfranslar

“Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ” adlı beynəlxalq elmi konfrans keçirilib
15 noyabr 2025, 18:13

15 noyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ” adlı beynəlxalq elmi konfrans keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Qərbi azərbaycanlıların deportasiya tarixi və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı fikirlərinin yer aldığı film nümayiş etdirilib.

Konfransı giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli açıb. O bildirib ki, qərbi azərbaycanlıların ləyaqətli qayıdış hüququ beynəlxalq hüququn təmin etdiyi fundamental insan haqqıdır və bu mövzuda elmi müzakirələrin aparılması böyük əhəmiyyət kəsb edir. Qeyd olunub ki, İcmanın əsas fəaliyyət sənədi olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da göstərildiyi kimi, İcma öz fəaliyyətində ölkədaxili və beynəlxalq hüquqa əsaslanır. QAİ-nın əsas hədəfi insanların öz doğma yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsidir. Bu məsələyə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq İcmanın prioritet istiqamətlərindəndir. Hazıradək BMT-nin ali orqanlarına ünvanlanan çoxsaylı müraciətlər rəsmi sənəd kimi yayılıb və həmin sənədlərdə İcmanın beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyi vurğulanıb. Eyni zamanda, son 100 ildə ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri fərdi və kollektiv cinayətlər geniş şəkildə diqqətə çatdırılıb.

Ardınca Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov “Beynəlxalq hüquqda qayıdış hüququ” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qayıdışın hüquqi bazaları, dövlətlərin öhdəlikləri və mövcud beynəlxalq mexanizmlər təhlil olunub. Bildirilib ki, konfransın əsas məqsədi Qərbi Azərbaycandan deportasiya olunmuş insanların doğma yurdlarına ləyaqətli və təhlükəsiz şəkildə qayıdış hüququnun elmi-hüquqi aspektlərinin hərtərəfli araşdırılmasıdır. Azərbaycanın dövlətçilik strategiyasında Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının prioritet istiqamət kimi müəyyən olunması bu mövzuda elmi araşdırmaların əhəmiyyətini daha da artırır. Konfrans müasir beynəlxalq hüquq standartlarına uyğun olaraq qayıdış məsələsinin araşdırılması və praktiki mexanizmlərin formalaşdırılmasına töhfə vermək məqsədi daşıyır.

Tədbirdə qayıdış hüququnun beynəlxalq hüquqi bazası, deportasiya olunmuş şəxslərin statusu, mülkiyyət hüquqlarının müdafiəsi, regional təhlükəsizlik, sülh müqaviləsinin perspektivləri, işğal dövrlərində cinayət hüququnun tətbiqi və əhalinin köçürülməsi ilə bağlı mülki-hüquqi mexanizmlər müzakirə olunub.

I panel çərçivəsində Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev “Qərbi Azərbaycan qaçqınlarının hüquqi statusu” mövzusunda məruzə edib. O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının müstəqillik aktı bəyan edir ki, Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin hüquqi varisidir. Həmin dövrdə Ermənistanla bağlanan Batum müqaviləsinə əlavə olunan xəritəyə əsasən Zəngəzur bütövlükdə Azərbaycanın tərkibində olub. Şahin Əliyev beynəlxalq hüququn həqiqətə əsaslanmalı olduğunu, yazılan tarixin isə bütün sənədlərdən üstün tutulmalı olduğunu vurğulayıb.

Avstriyanın Vyana Dövlət Universitetinin hüquq fakültəsinin nümayəndəsi Dos. Dr. Yeganə Məsimova beynəlxalq hüquqi müstəvidə Qərbi azərbaycanlıların qayıdış imkanları və mövcud mexanizmlər barədə çıxış edib.

Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Əfsər Sadıqov beynəlxalq hüququn əsas prinsipləri kontekstində deportasiya olunmuş azərbaycanlıların ləyaqətli və təhlükəsiz qayıdış məsələlərini izah edib. O qeyd edib ki, işğal edilmiş ərazi işğalçıya keçmir və azərbaycanlıların bütün hüquqi konvensiyalara əsasən haqq tələb etmək imkanı mövcuddur. Professor Sadıqov beynəlxalq hüquq praktikasından nümunələr gətirərək, Ermənistanın təkrarlanan deportasiya və soyqırımı aktlarına görə Avropa Məhkəməsi tərəfindən inzibati cəzaya məhkum olunmasının mümkünlüyünü qeyd edib.

II panel çərçivəsində Bakı Apellyasiya Məhkəməsinin hakimi, hüquq elmləri doktoru, professor Ramin Qaraqurbanlı “Qayıdış hüququ: regional təhlükəsizlik və beynəlxalq-hüquqi məsələlər” mövzusunda çıxış edib. O bildirib ki, Ermənistan ərazisindən məcburi çıxarılmış qərbi azərbaycanlıların qayıdış məsələsi hazırda qlobal miqyasda müzakirə olunan məcburi köçkünlük problemlərinin bir hissəsidir və bu, insan hüquqlarının ən ciddi pozuntularından biridir. O vurğulayıb ki, Qərbi azərbaycanlıların geri qayıdışı təkcə ədalətin bərpası deyil, həm də bölgədə dayanıqlı sülhün və etimad mühitinin formalaşması üçün vacib addımdır. R.Qaraqurbanlı çıxışında məsələyə hüquqi aspektdən dörd istiqamət üzrə yanaşıb.

Konfransda Türkiyədən dəvət olunan ekspert, dosent Dr. Atacan Bozyel işğal dövründə cinayət hüququnun tətbiqi və işğaldan sonrakı hüquqi məsuliyyət məsələlərinə toxunub.

BDU-nun hüquq fakültəsinin professoru Xəyyam İsmayılov qayıdışın tarixi-hüquqi əsaslarını açıqlayaraq, beynəlxalq konvensiyaların dövlətlərin üzərinə qoyduğu öhdəliklərdən danışıb.

Türkiyədə yaşayan Qərbi Azərbaycan əsilli alim Dr. Ünsal Dönməz isə Qərbi azərbaycanlıların mülkiyyət hüquqlarının pozulmasının Avropa İnsan Hüquqları Məhkəməsi presedentləri əsasında təhlilini təqdim edib. O bildirib ki, beynəlxalq hüquqa görə Qərbi Azərbaycan məsələsinin həllində tərəflərin həqiqətə əsaslanan dialoqa ehtiyacı var və bütün konvensiyalara əsasən qərbi azərbaycanlıların tələbləri qarşılanmalıdır.

BDU-nun Mülki hüquq kafedrasının müdiri, dosent Şükür Yusifov əhalinin köçürülməsi və mədəni hüquqların pozulması ilə bağlı mülki-hüquqi məsuliyyət məsələlərini təqdim edib, Ermənistanın deportasiya olunmuş azərbaycanlıların mülkiyyət hüquqlarının bərpa edilməsinə dair öhdəliklərini beynəlxalq sənədlər əsasında şərh edib.

Konfransın son məruzəsi BDU-nun İnsan hüquqları və YUNESKO kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru Daşqın Qənbərov tərəfindən “Qayıdış Konsepsiyası: hüquqi əsaslar, beynəlxalq öhdəliklər və praktiki mexanizmlər” mövzusunda təqdim olunub.

Çıxışlardan sonra Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, həmçinin İdarə Heyətinin üzvü, professor Mahirə Nağıqızı konfrans iştirakçılarına təşəkkür edərək, bu kimi tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.

Konfransın yekununda Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxış edərək “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna yenidən baxılması üçün Milli Məclisə yeni layihənin təqdim edilməsinin vacibliyini qeyd edib. Sədr bu məsələdə qərbi azərbaycanlı hüquqşünasların və QAİ Hüquq Komissiyasının layihənin hazırlanmasına dəstək verməli olduğunu diqqətə çatdırıb.

Sonda konfrans iştirakçıları və çıxışçılar arasında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.