22 dekabr 2025, 21:22
Bakı Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Böyük yolun davamı” adlı konfransda İcma rəhbərliyində təmsil olunan bir sıra ziyalılar Qərbi Azərbaycan məsələsinin ümummilli ideya kontekstində təbliğindən bəhs ediblər.
Konfransda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvü Rasim Əliquliyev, Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini Nizami Cəfərov, eləcə də Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış ediblər.
Çıxışlarda Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması baxımından konfransın əhəmiyyəti vurğulanıb, bu istiqamətdə müxtəlif elm sahələri üzrə tədqiqatların gücləndirilməsinə ehtiyac olduğu diqqətə çatdırılıb.


