22 dekabr 2025, 20:55
Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Böyük yolun davamı” mövzusunda konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Universitetdə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər. Ümummilli Lider Heydər Əliyevin xatirəsi hörmət və ehtiramla yad edilib.
Tədbir Bakı Dövlət Universitetinin akt zalında öz işini davam etdirib.
“Qərbi Azərbaycana qayıdış məsələsi Azərbaycan Prezidentinin, dövlətinin və xarici siyasətinin real və prioritet istiqamətidir”, – bu fikirləri “Böyük yolun davamı” adlı konfransda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli səsləndirib. O bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.
Son üç il ərzində Qərbi Azərbaycan İcmasının bir sıra mühüm uğurlara imza atdığını diqqətə çatdıran İcma sədri qeyd edib ki, son bir ildə Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdış məsələsini ardıcıl şəkildə gündəmdə saxlayıb.
Əziz Ələkbərli vurğulayıb ki, il ərzində 9 dəfə yerli və beynəlxalq platformalarda Qərbi Azərbaycana qayıdış məsələsi qaldırılıb. Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması son üç il ərzində Prezident İlham Əliyevin 2022-ci ildə verdiyi tapşırıqlara əsaslanaraq fəaliyyət göstərib. O əlavə edib ki, noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyevin etdiyi çıxış növbəti mərhələ üçün qarşıda duran vəzifələri açıq şəkildə müəyyənləşdirib.
İcma sədri bildirib ki, bu günə qədər beynəlxalq təşkilatlara və onların rəhbərlərinə 119 müraciət məktubu ünvanlanıb və bu müraciətlərin heç biri cavabsız qalmayıb. Eyni zamanda, İcmanın hazırladığı 11 sənəd BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın, İqtisadi və Sosial Şuranın rəsmi sənədi kimi BMT-yə üzv olan bütün dövlətlər arasında təşkilatın bütün rəsmi dillərində yayılıb. Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycan həqiqətlərinin tədqiqi və təbliği istiqamətində fəaliyyəti ardıcıl şəkildə davam edir. Cari il ərzində Ermənistan və bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı atdıqları addımlarla bağlı 35 bəyanatla çıxış edildiyi, həmçinin müxtəlif xarici nümayəndələrlə 78 görüş keçirildiyi qeyd olunub.
Əziz Ələkbərli çıxışında vurğulayıb ki, Bakı Dövlət Universitetinin ev sahibliyi etdiyi “Böyük yolun davamı” adlı möhtəşəm sərgi və konfransın əsas məqsədi tələbələrə, xüsusilə gənc nəslə Qərbi Azərbaycan həqiqətlərini çatdırmaq, tarixi irsimizi və milli yaddaşımızı təbliğ etməkdir. O bildirib ki, BDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyətə başlaması mühüm nailiyyətdir və Universitetin böyük elmi potensiala malik olması bu istiqamətdə aparılan işlər üçün geniş imkanlar yaradır.
İcma sədri sonda əminliyini ifadə edib ki, Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi Qərbi Azərbaycan İcmasının bu istiqamətdə fəaliyyətində etibarlı elmi baza funksiyasını yerinə yetirəcək.




