04 oktyabr 2026, 10:00
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
4 Oktyabr Cəbrayılın tarixində əbədi yaşayacaq günlərdən biridir. Bu tarix Azərbaycan xalqının uzun illər davam edən yurd həsrətinin sona çatdığı, doğma torpağın işğaldan azad edildiyi və üçrəngli bayrağımızın yenidən Cəbrayıl səmasında dalğalandığı şanlı bir gün kimi tariximizə yazılıb. 4 Oktyabr artıq yalnız Cəbrayılın azad edilməsinin ildönümü deyil, həm də Azərbaycanın Zəfər yolunun mühüm səhifələrindən birinin xatırlandığı gündür.
Cəbrayılın taleyi, əslində, Azərbaycanın son otuz ildən artıq müddətdə keçdiyi ağır yolun bir hissəsidir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayonun şəhər və kəndləri dağıdıldı, tarixi-mədəni irsi məhv edildi, əhali doğma yurd-yuvasından didərgin salındı. Vaxtilə həyatın qaynadığı küçələr, məktəblər, mədəniyyət ocaqları, yaşayış məhəllələri xarabalığa çevrildi. Cəbrayılın adı uzun illər Azərbaycan ailələrinin yaddaşında həm ağrı, həm həsrət, həm də qayıdış ümidi ilə yaşadı.
Lakin həmin illər ərzində Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmadı. Cəbrayıl və digər işğal olunmuş torpaqların azad edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qaldı. Bu siyasətin başında dayanan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün fəaliyyəti boyu Azərbaycanın ərazi bütövlüyünün bərpasını əsas milli məqsədlərdən biri kimi müəyyənləşdirdi. Ölkənin iqtisadi və hərbi gücünün artırılması, ordunun müasir standartlar əsasında qurulması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli maraqların ardıcıl müdafiəsi son nəticədə tarixi Zəfərin əsasını təşkil edən amillərə çevrildi.
2020-ci ilin sentyabrında Vətən müharibəsi başlayanda Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə illərlə hazırlanan gücünü döyüş meydanında nümayiş etdirdi. Cəbrayıl istiqamətində gedən döyüşlər bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Çünki düşmən rayon ərazisində möhkəm müdafiə xətləri yaratmışdı və həmin istehkamların yarılması böyük qəhrəmanlıq, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan əsgəri bu ağır sınaqdan şərəflə çıxdı.
4 oktyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciətində Cəbrayıl şəhərinin və rayonun bir sıra yaşayış məntəqələrinin azad edilməsi barədə verdiyi xəbər xalqımızın yaddaşında xüsusi yer tutdu. Bu, təkcə bir şəhərin azad edilməsi xəbəri deyildi. Bu, illərdir doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan yüz minlərlə insan üçün ümidin gerçəyə çevrildiyi an idi. Cəbrayılın azadlığı Azərbaycan Ordusunun gücünü, dövlətimizin iradəsini və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi.
Cəbrayılın azad edilməsinin əhəmiyyəti yalnız onun öz sərhədləri ilə məhdudlaşmırdı. Bu qələbə Azərbaycan Ordusunun qarşısında yeni imkanlar açdı. Cəbrayılın azad edilməsindən sonra digər istiqamətlərdə hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün əlverişli şərait yarandı. Zəngilan, Qubadlı və Laçın istiqamətində əldə olunan sonrakı uğurlar vahid Zəfər strategiyasının ardıcıl nəticələri idi. Beləliklə, Cəbrayılın azadlığı Vətən müharibəsinin ümumi gedişində mühüm hərbi-strateji mərhələyə çevrildi.
Cəbrayılın azadlığının mənəvi-siyasi simvollarından biri isə Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması oldu. Tarixin müxtəlif dövrlərinə şahidlik etmiş Xudafərin üzərində dövlət bayrağımızın dalğalanması xüsusi məna daşıyırdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu tarixi məkanda Azərbaycan bayrağını ucaltması Azərbaycanın öz torpaqlarına qayıdışının rəmzinə çevrildi. Bu görüntü xalqımızın yaddaşında Zəfərin ən təsirli simvollarından biri kimi qaldı.
Ancaq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfərin mahiyyəti yalnız hərbi qələbə ilə tamamlanmadı. Əsl böyük məqsəd azad edilmiş torpaqlarda həyatı yenidən qurmaq, dağıdılmış şəhər və kəndləri dirçəltmək, ən başlıcası isə illərlə doğma yurd həsrəti çəkən insanları öz torpaqlarına qaytarmaq idi. Cəbrayıl bu siyasətin ən parlaq nümunələrindən birinə çevrildi.
Cəbrayılın azad edilməsindən cəmi bir il sonra, 2021-ci il 4 oktyabr tarixində cənab Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri yeni mərhələnin başlanğıcını nümayiş etdirdi. İşğaldan azad edilmiş torpaqda artıq yalnız Azərbaycan bayrağı dalğalanmırdı; burada yeni şəhərin, yeni yaşayış məhəllələrinin, sosial obyektlərin və iqtisadi infrastrukturun təməli qoyulurdu. Cəbrayılın bərpası dövlət başçısının xüsusi diqqətində olan mühüm quruculuq layihələrindən birinə çevrildi.
Bu gün Cəbrayılda aparılan genişmiqyaslı quruculuq işləri Zəfərin davamıdır. Yeni yollar salınır, elektrik və digər infrastruktur qurulur, məktəblər, səhiyyə və sosial obyektlər inşa edilir, yaşayış kompleksləri yaradılır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması isə Cəbrayılın gələcək iqtisadi həyatında mühüm rol oynayacaq layihələrdəndir. Bütün bunlar onu göstərir ki, məqsəd sadəcə dağıdılmış şəhəri yenidən tikmək deyil. Məqsəd Cəbrayılı müasir, rahat, dayanıqlı və iqtisadi baxımdan inkişaf edən bir yaşayış məkanına çevirməkdir.
Cəbrayıl şəhərinin gələcək inkişafına dair Baş planın hazırlanması da bu siyasətin sistemli xarakter daşıdığını göstərir. Şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, yaşayış məhəllələrinin, sosial obyektlərin və ictimai məkanların yaradılması nəzərdə tutulur. Eyni proses rayonun kəndlərində də həyata keçirilir. Böyük Mərcanlıdan Horovluya, Şükürbəylidən Sarıcallıya qədər bir sıra yaşayış məntəqələrində yeni evlər və sosial obyektlər inşa olunur.
Bütün bu quruculuq prosesinin ən mühüm nəticəsi isə insanın öz torpağına qayıtmasıdır. 2024-cü ilin sentyabrında Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması uzun illər davam edən həsrətin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Cəbrayıllılar artıq doğma şəhərlərinə və kəndlərinə yalnız xatirələrdə deyil, real həyatda qayıdırlar. Yeni evlərdə işıqlar yanır, məktəblər fəaliyyət göstərir, küçələrdə həyat canlanır. Bu, Böyük Qayıdışın ən canlı mənzərəsidir.
Cəbrayılın bugünkü siması ilə dünənki mənzərəsini müqayisə etdikdə Azərbaycanın keçdiyi yolun böyüklüyü daha aydın görünür. Bir vaxtlar işğal nəticəsində xarabalığa çevrilmiş şəhərin yerində bu gün yeni yaşayış kompleksləri yüksəlir. Dünən Cəbrayılın sakinləri öz doğma torpaqlarından uzaqda yaşamağa məcbur idilərsə, bu gün onların bir hissəsi artıq öz evlərinə qayıdıb. Dünən bu torpaqlarda işğalçı qüvvələrin izi vardısa, bu gün burada Azərbaycan dövlətinin bayrağı, quruculuq siyasəti və həyat var.
Bu dəyişiklikdə Azərbaycan xalqının birliyi, şəhidlərimizin fədakarlığı, qəhrəman əsgər və zabitlərimizin şücaəti ilə yanaşı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü dövlət siyasətinin xüsusi yeri var. Cəbrayılın azadlığı hərbi Zəfərin, Cəbrayılın yenidən qurulması isə həmin Zəfərin dövlət quruculuğu və sosial inkişaf müstəvisində davamının ifadəsidir.
4 Oktyabrın tarixi əhəmiyyəti də məhz burada üzə çıxır. Biz bu günü qeyd etməklə yalnız bir şəhərin azad edilməsini xatırlamırıq. Biz şəhidlərin qanı ilə yazılmış Zəfər tariximizi, Azərbaycan əsgərinin qəhrəmanlığını, xalqımızın iradəsini və dövlətimizin qətiyyətini yad edirik. Eyni zamanda, Cəbrayılın timsalında Böyük Qayıdışın necə gerçəyə çevrildiyini görürük.
Cəbrayıl bu gün keçmişlə gələcəyin qovuşduğu məkandır. Burada hər bir daşın, hər bir küçənin, hər bir yeni binanın öz yaddaşı var. Dağıdılmış şəhərin yerində yüksələn yeni Cəbrayıl isə Azərbaycanın Zəfərdən sonrakı quruculuq salnaməsini yazır.
Bu gün Cəbrayılın üzərində Azərbaycan bayrağı dalğalanır. Bu bayraq həm 4 Oktyabr 2020-ci ildə qazanılmış Zəfərin, həm şəhidlərimizin əziz xatirəsinin, həm də cəbrayıllıların doğma yurda qayıdışının rəmzidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu torpaqlara yalnız qələbə ilə qayıtmayıb. Azərbaycan Cəbrayıla həyatla, quruculuqla, gələcəyə inamla qayıdıb.
Cəbrayıl azadlığın, Zəfərin və Böyük Qayıdışın ünvanıdır. 4 Oktyabr isə bu böyük tarixi yolun yaddaşımıza həkk olunan ən şanlı günlərindən biridir.