Xəbərlər

Çəmbərək-Karvansara rayon icmaları Novruz Bayramı münasibətilə bayram tədbiri keçirib
12 mart 2024, 14:15

Martın 10-da Qərbi Azərbaycan İcmasının Çəmbərək-Karvansara rayon icmaları Novruz Bayramı münasibətilə bayram tədbiri keçirib.
Əvvəlcə Qərbi Azərbaycan mədəniyyəti nümunələrinin yer aldığı sərgi nümayiş olunub. Sərgidə Qərbi Azərbaycandan gətirilən və soydaşlarımızın yüz illərdən süzülüb gələn adət-ənənələrini əks etdirən məişət, bəzək əşyaları, xalçalar, kilimlər yer alıb.
Tədbir iştirakçılarını salamlayan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycandan deportasiya edilmiş, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının öz tarixi adət-ənənələrini illər ərzində qoruyub saxlaması böyük əhəmiyyətə malikdir. İdarə Heyətinin sədri qeyd edib ki, Qərbi azərbaycanlıların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin nəsillərdən-nəsilə ötürülməsi istiqamətində belə tədbirlərin keçirilməsi vacibdir.
İcmanın Müşahidə Şurasının sədri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, Karvansara rayon icmasının sədri Misir Mərdanov çıxış edərək, Qərbi Azərbaycan adət-ənənələrinin gələcək nəsillərə ötürülməsinin və mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini diqqətə çatdırıb.
İcmanın Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim, Çəmbərək rayon icmasının sədri Əvəz Ələkbərov doğma yurd yerləri ilə bağlı xatirələrini bölüşüb və adət-ənənələri haqda danışıb. O, bildirib ki, digər rayon və kənd icmaları kimi Çəmbərək rayon icmasının üzvləri də ata-baba yurdlarımıza – Qərbi Azərbaycana qayıdacaqları günü səbirsizliklə gözləyir.
Tədbirə “Aşıq deyişmələri” ilə yekun vurulub.