Xəbərlər

Çəmbərək rayon İcmasının təşkilatçılığı ilə bayram tədbiri keçirilib
23 mart 2026, 00:23

Martın 19-da QAİ Çəmbərək rayon İcmasının təşkilatçılığı ilə Ramazan bayramı və Novruz bayramı el adət-ənənələrinə uyğun şəkildə qeyd olunub.

Tədbirdə Çəmbərək rayon icmasının sədri, professor Əvəz Ələkbərov, QAİ Ziyalılar Şurasının üzvü, millət vəkili Arzuxan Əlizadə, sədr müavini Tanrıverdi Mustafayev, Mədəniyyət, mədəni irs və tarixi abidələr üzrə məsul şəxs Rüxsarə Həsənova, Qadınlarla iş üzrə məsul şəxs Aynurə Məhəmmədova, həmçinin rayon və kənd icmalarının üzvləri, Karvansaray rayon İcmasının bir sıra nümayəndələri, gənclər və el sənətkarları iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan icma sədri, professor Əvəz Ələkbərov Novruzun milli kimliyimizin və mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olduğunu vurğulayıb. O, bayramların həmrəylik və birlik baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edərək iştirakçıları təbrik edib.

Daha sonra çıxış edən Arzuxan Əlizadə, Tanrıverdi Mustafayev, Rüxsarə Həsənova, Aynurə Məhəmmədova və digər natiqlər bu cür tədbirlərin milli dəyərlərin yaşadılması, soydaşlarımızın bir araya gəlməsi, gənc nəslin milli-mənəvi irsə bağlılığının gücləndirilməsi və Qərbi Azərbaycan irsinin qorunması baxımından mühüm rol oynadığını bildiriblər.

Tədbir çərçivəsində Novruz adət-ənənələri canlandırılıb, səməni, milli şirniyyatlar və bayram atributları nümayiş etdirilib, aşıq havaları və milli musiqilər səsləndirilib. Bayramın yaddaqalan məqamlarından biri isə boyanmış yumurtaların döyüşdürülməsi olub.

Sonda iştirakçılar bu bayramların gələcəkdə doğma yurd yerlərində, Qərbi Azərbaycanda qeyd olunması arzularını ifadə ediblər.