Təqdimatlar

“Daşları toplamaq vaxtıdır” adlı kitabın təqdimatı keçirilib
04 iyul 2025, 15:12

“İRS” silsiləsi çərçivəsində nəşr edilən “Daşları toplamaq vaxtıdır” adlı kitabın təqdimatı keçirilib. Təqdimat 2025-ci il iyul ayının 3-də Baku Marriott Hotel Boulevard otelinin Tağıyev 1 zalında baş tutub.
Nəşr “PASHA Həyat Sığorta” ASC dəstəyi və Qərbi Azərbaycan İcmasının iştirakı ilə Azərbaycan-ingilis, Azərbaycan-rus, ingilis-türk dillərində hazırlanıb.
Kitab “Üç yol” başlığı altında müqəddimədən, 8 fəsildən və epiloqdan ibarətdir. Layihənin rəhbəri və baş redaktoru Musa Mərcanlıdır.
Kitab Qərbi Azərbaycanın (indiki Ermənistan) qədim zamanlardan son illərədək olan tarix və mədəniyyətini, ədəbi-bədii mühitini, mədəni həyatın inkişaf xüsusiyyətlərini, tarixi memarlıq abidələrini, zəngin təsviri və dekorativ sənətini, tarixi xəritələrdəki yerini özündə əks etdirən, azərbaycanlıların bu coğrafiyada yaşadığı tarixi gerçəklikləri, onların etnik-təmizləmə mərhələlərini, 1987-1991-ci illərdə 300 minədək azərbaycanlının ata-baba yurdlarından zorla və sistematik şəkildə çıxarıldığını əks etdirən mətnlərlə yanaşı illüstürasiyalar və son illərdə çəkilmiş fotoşəkillərlə dizayn olunub və nəfis şəkildə nəşr edilib. 
Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov olmaqla tanınmış İcma üzvləri, parlamentarilər, mədəni ictimaiyyətin nümayəndələri iştirak edib. 
Açılış nitqi ilə çıxış edən "İRS" jurnalının baş redaktoru Musa Mərcanlı kitabın əhəmiyyətindən danışıb. Qeyd edib ki, “'İRS' jurnalının bir neçə buraxılışı Qarabağ mövzusuna həsr olunmuşdur. Bu buraxılışımız isə Qərbi Azərbaycana aiddir. Əsas məqsədimiz həmin yerləri yenidən görməkdir. Biz özümüz gedə bilməsək də, fotoqraflarımız həmin ərazilərdə görüntülər çəkə biliblər. Bu görüntüləri sözügedən kitabda görmək mümkündür”.
"PASHA Həyat" ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova qeyd edib: “Bu kitablar sadəcə bir nəşr deyil, həm də Azərbaycan ədəbiyyatının daşıyıcısıdır. Biz bu nəşrləri həm ölkə daxilində, həm də xaricdə təbliğ etməyə çalışırıq”.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov çıxışında Qərbi Azərbaycan həqiqətlərinin, tarixi torpaqlarımızda qalan abidələrimizin hazırkı durumunu fotoşəkillərdə əks etdirən kitabın  əhəmiyyətindən danışıb. Deyib ki, “Kitab mənim xüsusi diqqətimi çəkdi. Uşaqlığımı və gəncliyimı o yerlərdə keçirmiş biri kimi, kitabı vərəqləyəndə sanki həmin məkanlarda yenidən dolaşdım, doğma yurd yerlərimiz gözümün önündə yenidən canlandı”.
Daha sonra çıxış edən kitabın elmi redaktorlarından biri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov bildirib: “Bu kitab üçün toplanan materiallar bir neçə kitablıq həcmdədir. Biz onları bir nəşrdə cəmlədik. Burada bir çox önəmli hadisələr həm yazı, həm də foto formatında təqdim olunub”.
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini, akademik Nizami Cəfərov isə vurğulayıb: “Bu kitablar həm şəkil, həm də elmi tərəfləri ilə mənə simfoniya təsiri bağışlayır. Belə əsərlər sənət nümunələridir və çox dəyərlidir”. Nizami Cəfərov kitabın adının izahını verərək deyib ki, bu daşlar bizim tarix salnaməmizdir və Qərbi Azərbaycanda qalmış tarixi abidələrimiz elə daha çox daş üzərində qorubub saxlanıb. 
Tədbir musiqili hissə ilə davam edib. Tar ifaçısı Səxavət Məmmədovun rəhbərliyi altında xalq çalğı alətləri qrupunun (kamança ifaçısı Elvin Novruzov, balaban ifaçısı Araz Fətəliyev, nağara ifaçısı Ağa Əliyev) və pianoçu Fardin Məmmədzadənin müşaiyəti ilə xanəndələr Ayşən Mehdiyeva, Sədəf Budaqova, Elgiz Əliyev və Xəyal Hüseynovun ifasında məzmunca Qərbi Azərbaycana həsr olunmuş mahnılar ifa ediblər.