08 avqust 2025, 21:30
Xankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi çərçivəsində “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Milli Məclisin deputatı Sahib Alıyev, Qərbi Azərbaycan İcmasının fəxri üzvü, İrəvan xanının nəslinin nümayəndəsi, xanlığın tədqiqatçısı Əmir Əli Sərdari İrəvani və Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov iştirak edib.
Təqdimatda Qərbi Azərbaycan torpaqlarının tarixi, oradakı maddi-mədəni irs və azərbaycanlıların bu bölgədəki çoxəsrlik varlığı barədə geniş məlumat verilib. Bu irsin qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olunub. “QƏRBİ AZƏRBAYCAN İRSİ: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının tariximiz və mədəniyyətimizin mühüm daşıyıcısı olduğu vurğulanıb. Bildirilib ki, kitab Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının və tarixi yaddaşının qorunması baxımından əhəmiyyətli mənbədir. Kitabın diaspor gənclərinə təqdim olunması onların bu sahədə tarixi biliklərinin artırılmasına və həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalarına böyük imkan yaradır.
Tədbirdə azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib.
Diaspor gəncləri mövzuya böyük maraq göstərib və ekspertlərə çoxsaylı suallar ünvanlayıblar.
Sonda fərqlənmiş iştirakçılara hədiyyə və kitablar təqdim olunub.













