Beynəlxalq əməkdaşlıq

"Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması" mövzusunda panel sessiyası təşkil olunub
05 dekabr 2024, 16:37

Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində "Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması" mövzusunda panel sessiyası təşkil olunub.

Milli Məclisin deputatı Rizvan Nəbiyevin moderatorluğu ilə keçirilən paneldə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bu gün Bakıda ədaləti bərqərar etmək, insan haqlarını qorumaq və tarixi məsuliyyəti yerinə yetirmək məqsədilə bir araya gəldiklərini bildirib. O, təəssüf hissi ilə qeyd edib ki, 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlı öz torpaqlarından və qohumlarının məzarlarının yerləşdiyi ərazilərdən ermənilər tərəfindən zorla deportasiya edilib, böyük əzab və çətinliklər yaşayıblar.

"Azərbaycan bu gün ərazi bütövlüyünə nail olub. Biz Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmalıyıq. Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir. Azərbaycan torpaqlarını tam azad edib. Reallığa baxdıqda bugünkü Ermənistan ərazisinin böyük bir hissəsi də tarixən Azərbaycan torpağı olub. Ancaq Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan sadəcə sülh və sabitlik istəyir", - deyə Ş.Ayrım diqqətə çatdırıb.

Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri, professor Hüseyn İşıksal, İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri Ərşad Əl-Salihi, Bolqarıstan Elmlər Akademiyasının Balkan Araşdırmaları İnstitutunun hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə professoru, hüquq üzrə elmlər doktoru xanım Nadia Boyacıyeva və Harvard Universitetinin Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin direktoru və Soyuq Müharibə Araşdırmaları Proqramının rəhbəri Mark Natan Kramer insan hüquqlarının qorunması, ədalətin təmin edilməsi və münaqişələrdən zərər çəkmiş insanların, xüsusilə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların hüquqlarının bərpası məsələlərini müzakirə ediblər.

Qeyd olunub ki, məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququ beynəlxalq hüquq prinsiplərinə əsaslanır və bu hüququn təmin edilməsi bölgədə davamlı sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

Sessiya iştirakçıları münaqişə nəticəsində zərər görmüş insanların mülkiyyət hüquqlarının bərpası məsələsini də diqqət yetiriblər. Bildirilib ki, qanunsuz olaraq müsadirə edilmiş əmlakların geri qaytarılması yalnız fərdi ədalətin deyil, həm də münaqişə sonrası barışıq və etimad mühitinin qurulması üçün zəruri şərtdir.

Çıxış edənlər beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları bu məsələyə daha həssas yanaşmağa çağırıb. Vurğulayıblar ki, məcburi köçkünlərin hüquqlarının təmin edilməsi və əmlak məsələlərinin həlli üzrə konkret addımların atılması yalnız hüquqi deyil, həm də humanitar məsələdir.

İştirakçılar insan təhlükəsizliyi, mülkiyyət hüquqları və ədalət prinsiplərinin tətbiqi ilə bağlı bir sıra tövsiyələr irəli sürərək, münaqişədən təsirlənən bütün tərəflərin hüquqlarının bərpasına yönəlmiş səylərin gücləndirilməsi zərurətini qeyd ediblər.

Sessiya müzakirələrlə davam edib.