Bakıda keçirilən "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans çərçivəsində növbəti görüş Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə Efiopiya parlamentinin deputatı, xarici əlaqələr alt-komissiyasının sədri Təvfik Abdullahi Əhməd arasında keçirilib.
Ə. Ələkbərli Ermənistan ərazisində azərbaycanlılara qarşı törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının bugünkü konfransın əsas məqsədi olduğunu bildirib. O deyib ki, son 200 ildə Ermənistandan qovulan azərbaycanlıların öz yurdlarına geri qayıdışı İcmanın əsas məqsədidir.
İcma sədri beynəlxalq konfransda iştirakı üçün qonağa təşəkkür edib.
Təvfik Abdullahi Əhməd öz növbəsində beynəlxalq konfransda iştirak etməkdən qürur duyduğunu bildirərək deyib: “Dünya ictimaiyyəti azərbaycanlıların başına gətirilən faciələr barədə daha çox məlumatlandırılmalıdır. Ona görə də bu həqiqətləri müxtəlif formatlarda geniş şəkildə yaymaq lazımdır. Eyni zamanda, Qərbi Azərbaycan məsələsi parlamentlər arasında da müzakirə olunmalıdır. Çünki bu həqiqətlər beynəlxalq aləmdə müxtəlif təzyiqlərlə qarşılaşa bilər”.