23 iyun 2026, 11:13
Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl rayonunun Yeni Zod kəndində keçirilən “Qərbi Azərbaycan İrsi – Tarixi Köklərə Qayıdış” festivalında çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov Qərbi azərbaycanlıların deportasiya tarixindən və onların üzləşdikləri çətinliklərdən danışıb.
Akademik belə möhtəşəm tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edərək, doğulub boya-başa çatdığı Yeni Zod kəndində olmaqdan qürur duyduğunu bildirib.
Əhliman Əmiraslanov qeyd edib ki, Qərbi Azərbaycan məsələsi yüzilliklərə söykənən tarixi problemdir və soydaşlarımız müxtəlif dövrlərdə dəfələrlə deportasiyalara məruz qalıblar. O, 1948–1953-cü illər deportasiyasının və 1988-ci ildə baş vermiş son deportasiyanın canlı şahidi olduğunu vurğulayıb.
Akademik bildirib ki, deportasiya olunan insanlara yeni yerlərdə yaxşı şərait vəd edilsə də, sonradan onlar ağır həyat şəraiti ilə üzləşiblər, minlərlə insan doğma yurdlarından didərgin salınmağın acı nəticələrini yaşayıb.
Çıxışında Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə də toxunan Əhliman Əmiraslanov vurğulayıb ki, 1969-cu ildən sonra deportasiya olunmuş Qərbi azərbaycanlılara dövlət qayğısı göstərilməyə başlanıb, onların sosial problemlərinin həlli, təhsil alması və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm addımlar atılıb.
O qeyd edib ki, məhz bu qayğının nəticəsində Qərbi Azərbaycandan olan çoxsaylı ziyalılar elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə böyük uğurlar qazanaraq ölkənin inkişafına töhfə veriblər.
Əhliman Əmiraslanov 1988-ci il deportasiyası zamanı soydaşlarımızın üzləşdiyi çətinlikləri də xatırladaraq, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu insanların problemlərinin həllinə xüsusi diqqət yetirildiyini bildirib.
Akademik çıxışının sonunda Qərbi Azərbaycan həqiqətlərinin yaşadılmasının, tarixi yaddaşın qorunmasının və doğma yurdlara qayıdış ideyasının gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.