04 noyabr 2025, 11:34
"Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”.
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli AZXEBER.COM-a açıqlamsında bildirib ki, Prezident İlham Əliyev həmişə olduğu kimi yenə də Ermənistana sülh mesajı verib:
"Prezident Azərbaycanın bölgədə sülh, əmin-amanlıq tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Əslində, bizim Qərbi Azərbaycana qayıdışımız bu gün erməni xalqının da maraqlarına cavab verir. Bu gün ermənilər sevinməlidirlər, minnətdar olmalıdırlar ki, biz geri qayıtmaq, onlarla yanaşı yaşamaq istəyirik. Çünki, hələ son 200 ili demirəm, elə təkcə son 37 il ərzində xalqımıza qarşı törətdikləri cinayətlərin, vəhşiliklərin sayı-hesabı yoxdur.
Lakin bütün bunlara rəğmən, biz yenə də onlara sülh və əməkdaşlıq əlimizi uzadır, birgəyaşayış təklif edirik. Bunu heç bir qalib ölkə heç bir məğlub ölkəyə etməz. Erməni kimi bir topluma isə heç etməzdilər. Amma biz edirik, bizim Müzəffər dövlət başçımız edir. Qarşı tərəf bunu dəyərləndirməyi bacarmalıdır”.
Deputat vurğulayıb ki, bu gün Ermənistanda çoxları bizim geri qayıdışımızı "sülhə mane olan amil” kimi qələmə verməyə çalışır:
"Bu gün Ermənistanda çoxları bizim geri qayıdışımızı "sülhə mane olan amil” kimi qələmə verməyə çalışır. Bu isə tamamilə absurddur. Ona görə ki, erməni və azərbaycanlıların birgəyaşayışı sülhün yeganə qarantıdır. Qarşılıqlı etimadın yeganə şərti birgəyaşayışdır. Mən başa düşürəm, Qarabağdan köçən ermənilərin əksəriyyətinin Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı ya hərbi, ya da dövlət cinayəti var. Onlar gəlməyə qorxurlar, amma Qərbi Azərbaycan qaçqınlarının Ermənistana qarşı belə bir cinayəti olmayıb, biz qayıtmaqdan qorxmuruq, ermənilər də bizim qayıdışımızdan qorxmamalıdır və anlamalıdırlar ki, qarşılıqlı etimadın yaranmasına bizim qayıdışımızdan başlamaq lazımdır”.