Bəyanatlar

Ermənistanın sülh və ədalətin bərqərar olması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməsi ilə əlaqədar bəyanat
17 mart 2025, 13:55

Məlum olduğu kimi, Ermənistanın 1987-ci ildə Qafan rayonunda azərbaycanlılara qarşı törətdiyi zorakılıq ilə başlayaraq, otuz ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan Respublikasına kütləvi miqdarda ziyan vurulmuş və azərbaycanlılar böyük müsibətlərə düçar olmuşlar. 

Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə münaqişə arxada qalmış və bölgədə qalıcı sülhün və ədalətin bərqərar olması üçün imkan yaranmışdır. Məhz Azərbaycan Respublikasının təşəbbüsü ilə iki dövlət arasında bu məsələlər üzrə siyasi proses başlamışdır. 

Bu günlərdə xəbər verildiyi kimi, münasibətlərin qaydaya salınması üzrə çoxsaylı mövzuların bir qismini əhatə edən saziş layihəsi üzrə danışıqlarda Ermənistan Azərbaycanın açıq qalan iki maddə üzrə təkliflərini qəbul etmişdir. 

Lakin bu, kifayət deyil və Ermənistan tərəfi qalıcı sülhün və ədalətin bərqərar olunması üçün qalan digər məsələlər üzrə də öz üzərinə düşəni etməlidir. Bunların sırasına Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmaq, maneəsiz tranzit öhdəliyini yerinə yetirmək, Azərbaycana qarşı ərazi iddialarını öz konstitusiyası və qanunlarından çıxarmaq, ATƏT-in Minsk Qrupunun ləğv olunması üçün müraciət göndərmək, Azərbaycan ərazilərini işğal etməsinə, ona kütləvi miqdarda zərər vurmasına və azərbaycanlılara qarşı zorakılıq törətməsinə görə məsuliyyətini etiraf etmək, təzminat ödəmək, öz ərazisində qondarma rejimin bütün “təsisatları”nı ləğv etmək, hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymaq, silahlanma proqramını dayandırmaq və aldığı silahları geri qaytarmaq daxildir. 

 Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti öz üzərinə düşənləri yerinə yetirmək üçün Ermənistana təzyiq etməyə çağırır.