
Əsrlər boyu formalaşmış Azərbaycan mədəniyyəti və milli ruhu dərin köklərə malik mənəvi və tarixi irsin məhsuludur. Bu, təkcə müəyyən bir dövrə aid olmayıb, xalqımızın yaddaşında iz qoyaraq nəsillər arasında körpü rolunu oynayıb, milli kimliyimizin canlı ifadəsinə çevrilib. Bu gün biz doğma torpaqlarımıza dönür, dağıdılmış mədəni abidələri yenidən qurur və unudulmuş tarixi yaddaşımızı canlandırırıq. Bu dirçəliş prosesində Aşıq Ələsgər kimi sənətkarların rolu böyük önəm daşıyır. O, yalnız aşıq ədəbiyyatının nümayəndəsi deyil, eyni zamanda, milli kimliyimizi və mədəni irsimizi yaşadan simalardandır. Onun poetik irsi Azərbaycan aşıq sənətini yeni zirvələrə daşıyaraq milli ruhun formalaşmasına mühüm töhfələr verib.
Bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bu gün keçirilən “Qədim yurd yerlərimiz, soykökümüz Aşıq Ələsgər” adlı tədbirdə çıxışı zamanı söyləyib.
O qeyd edib ki, Aşıq Ələsgərin yaradıcılığı, xalqımızın mənəvi dəyərlərini, ana dilinə olan sevgisini və milli təfəkkürünü dolğun şəkildə əks etdirir: “Onun şeirləri və dastanları xalqın ruhunu əks etdirərək tariximizə və yaddaşımıza silinməz izlər buraxıb. Nəticə etibarilə Aşıq Ələsgər kimi sənətkarların sənəti, Azərbaycanın milli kimliyini və mədəni zənginliyini daha da gücləndirərək xalq yaddaşında əbədi yerini alıb”.
Ə.Ələkbərli xüsusilə qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən imzalanan Sərəncamla Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması yalnız bir yubiley tədbiri deyil, həm də tarixi ədalətin bərpasında mühüm rol oynayan bir amildir: “Prezidentimizin imzaladığı ilk sənədlərdən biri Aşıq Ələsgərin yubileyi ilə bağlıdır. Bu, təsadüfi deyil. Biz bu gün Bakı şəhərində Aşıq Ələsgərin adını yaşadırıq. Bu, zamanında onun abidəsini dağıdanlara bir cavabdır. Biz dədə-baba torpaqlarımızda, Göyçə mahalında onun izini yaşatmaqla həm də milli kimliyimizi qoruyuruq”.
O diqqətə çatdırıb ki, Aşıq Ələsgərin irsi təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda – tarixən Azərbaycan torpağı olmuş bölgələrdə də böyük ehtiramla qarşılanır: “Bu da göstərir ki, aşıq sənəti və xalq yaradıcılığı ümummilli dəyər kimi daim yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Aşıq Ələsgər irsi Azərbaycanın milli-mədəni gücünün təməl daşlarındandır”.