Xəbərlər

Əziz Ələkbərli: Azərbaycan xalqının başına gətirilən faciələr həm də beynəlxalq miqyasda ciddi narahatlıq doğurub
10 mart 2025, 12:09

Son iki yüz ildə Ermənistan və onun havadarları Azərbaycanda və Cənubi Qafqazda azərbaycanlılara qarşı genişmiqyaslı soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti həyata keçiriblər. Bu dövr ərzində Azərbaycan xalqının başına gətirilən faciələr yalnız regional deyil, həm də beynəlxalq miqyasda ciddi narahatlıq doğurub. 2020-ci il sentyabrın 27-də başlayan müharibə 200 ildən artıq davam edən ədalətsiz siyasətin sona yetməsi üçün əhəmiyyətli bir dönəm oldu. Azərbaycan xalqı əsrlər boyu qarşılaşdığı zülm və təzyiqlərə son qoymaq üçün mühüm bir mərhələ keçdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli martın 10-da parlamentdə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı səsləndirib.

Ə.Ələkbərli vurğulayıb ki, ermənilərin və onların dəstəkçilərinin yürütdükləri bu siyasət haqqında məlumatların uzun illər boyu gizlədilməsi, xüsusilə də yeni nəsillərin bu hadisələrdən məlumatlı olmaması ciddi problemə çevrilmişdi. “Lakin Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-dəki çıxışından sonra ölkə rəhbərliyi yeni ideologiyanın formalaşması və haqqın bərpa edilməsi istiqamətində ciddi addımlar atıb. Prezidentin çıxışı xalqımızın və dövlətimizin yeni ideyasının təməlini qoydu. Bu ideya yalnız dövlət orqanları tərəfindən deyil, həm də QHT-lər tərəfindən də dəstəklənməli və geniş şəkildə yayılmalıdır. QHT-lərin bu məsələlərə diqqət yetirməsi tariximizin doğru şəkildə təqdim edilməsi və gələcək nəsillərə bu faciələrdən dərs alınması üçün mühüm rol oynayacaq. Bu, Azərbaycanın milli maraqları və tarixinin qorunması baxımından həyati əhəmiyyət daşıyan məsələdir”, - deyə Ə.Ələkbərli əlavə edib.

https://azertag.az/xeber/eziz_elekberli_azerbaycan_xalqinin_basina_getirilen_facieler_hem_de_beynelxalq_miqyasda_ciddi_narahatliq_dogurub-3453495?fbclid=IwY2xjawJA7U5leHRuA2FlbQIxMAABHdOsixCajN2dCsaBF4cYxP_PKg6-OQqINnWf5-T_Ys9rvvVQ-DEzcjTimg_aem_8_kC0n0g7erOup24e7xPVA